Rusiya təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) bir xətti Bolqarıstandan keçəcək.
Bu barədə Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova deyib.
Onun sözlərinə görə, Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “TurkStream”in bir xəttinin Bolqarıstan üzərindən keçəcəyini bildirib. Bu qərar Bolqarıstanın iqtisadi vəziyyətinin təhlili və bazar qiymətləndirməsi nəticəsində qəbul edilib. Bolqarıstan vasitəsilə nəql ediləcək təbii qazın həcmi və tranzit müddətinə daha sonra qərar veriləcək.
Xatırladaq ki, ötən ay “TurkStream” layihəsinin dəniz hissəsinin inşası tamamlanıb. Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu isə 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. 2019-cu ilin sonunda qazın Rusiyadan Türkiyəyə nəqli gözlənilir. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.