1991-ci ildə SSRİ-nin dağılmasından bəri dünya bazarlarında neftin qiyməti ilk dəfə kəskin şəkildə ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, üç ildir qiymət məsələsində tarazlığı qoruyan Səudiyyə Ərəbistanı və Rusiya bu dəfə anlaşa bilməyib.
Rusiya OPEK-in tələbinin əksinə olaraq, gündəlik hasilatı azaltmaqdan imtina edib. Səudiyyə Ərəbistanı isə Rusiyaya cavab olaraq, ixrac etdiyi neftin qiymətinin aşağı salınması qərarını verib. Bundan sonra dünya bazarlarında “Brent” markalı neftin qiyməti 30 faiz ucuzlaşaraq 31.7 dollara düşüb.
Ötən həftənin sonunda OPEK-in keçirdiyi toplantının nəticəsiz qalmasından sonra dünya bazarlarınsda “qara qızıl”ın qiymətləri 45 dollara qədər geriləmişdi. Bu, 2017-ci ildən bəri ən aşağı qiymət sayılır. Bu həftə isə qiymətlər 35 dollar bariyerini də keçərək ən aşağı həddə düşüb.
Qiymətlərin kəskin ucuzlaşması ilk Səudiyyə Ərəbistanı birjasını vurub. Səudiyyə nəhəngi “Aramco”nun səhmləri 9 faizdən çox dəyər itirib. Səudiyyənin digər şirkəti “Tadawul”ın isə dəyər itkisi 8.3 faiz olub.
Küveyt birjası 10 faiz dəyər itirməsindən sonra bazarda durğunluq yaranıb, Dubay birjasının itkisi 7.9, Əbu-Dabinin 5.4, İsrailin 4.5, Misirin 4, Bəhreynin 3.4, Qətərin 2.9, Omanın isə 2.8 olub.