Rusiya ilə Səudiyyə Ərəbistanın liderlik etdiyi OPEK arasında neft hasilatının azaldılmasına dair yeni razılaşma əldə edilmədikdən sonra rəsmi Riyad hasilatı artırıb və bu səbəbdən də dünya bazarında neftin qiymətində ciddi ucuzlaşma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, beynəlxalq neft bazarlarının qiymətdə baş verən dəyişiklikdən təəccübləndiyi bir vaxtda Rusiya tərəfindən açıqlama gəlib.
Blomberq Rusiyanın “Rosneft” Neft Şirkətinin rəsmisinə istinadən bəyan edib ki, Rusiya tərəfi Səudiyyə Ərəbistanının son addımına qarşılıq verərək, aprel ayında istehsalı artırmağı planlayır.
“Rosneft” rəsmisi şirkətin hər cür ssenarilərə hazır olduğunu bildirib.
Mütəxəssislər “Rosneft”in neft istehsalını bir həftədə 300 min barel artıra biləcəyini qeyd edirlər.
Qeyd edək ki, OPEK ilə Rusiya arasında imzalanan anlaşma aprelin 1-də başa çatır. Tərəflər yeni razılaşma əldə edə bilməyiblər.
Rusiya Maliyyə Nazirliyi neftin 25-30 dollarlıq qiymətlə satışına azı 6-10 il ərzində duruş gətirə biləcəklərini qeyd edib.