18 May 2020 22:39
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft savaşının öz qanunları, qalibləri və məğlubları var. Maraqlı odur ki, məğlubu media və sosial şəbəkələr qalib, qalibi isə məğlub sayırlar.

Səudiyyə Ərəbistanı kimi.

Dünya mediasındakı xəbərlərə baxaq: xam neftin qiymətlərinin ifrat ucuzlaşması və bazarın kollapsa uğraması nəticəsində Ər-Riyadın maliyyə fəlakəti yaşadığı, çox böyük itkilər verdiyi vurğulanır, yazılır, deyilir.

Gerçəkdən, belədirmi?

Yox.

İnanılmaz səslənsə də, Səudiyyə Ərəbistanı bu ilin 1-ci rübünü xalis gəlirlə başa vurub.

Təşəbbüskarın Səudiyyə Ərəbistanı olmadığı neft savaşı başlayanda Ər-Riyad qəflətən, ilk baxışdan paradoksal olaraq "qara qızıl"ın ucuzlaşması proseslərinin lokomotivinə çevrildi.

Əksər "politoloq"lar və “ekspertlər” buyurdular ki, Ər-Riyad dempinq etməklə, yəni hasilatı dərhal azaltmayıb dempinqə əl atmaqla özünə az qala ölüm hökmü imzalayır.

Hibrid ekspertlər daha sonra dedilər ki, səudilər ağlagəlməz qiymət güzəştləri edərək özlərini itkilər bataqlıına salırlar və bu da onların neft imperiyasının çökməsi ilə nəticələnəcək.

Halbuki Səudiyyə Ərəbistanı az qala bütün dünyanı aldada bildi və öz ssenarisini uğurla gerçəkləşdirdi.

Rəqəmlərə bir də baxaq. Səudilərin neft inhisarçısı "Saudi Aramco"nun hesabatına görə, korporasiya 2020-ci ilin 1-ci rübünü 16,66 milyard dollarlıq xalis gəlirlə başa vurub. Ötən ilin müvafiq dövründə sözügedən göstərici 22,21 milyard dorllar olsa da, neft savaşları səudilər üçün gəlir verib.

Bu, hələ hamısı deyil.

Qərb mediası və "politoloq"lar Səudiyyə Ərəbistanını neft savaşındakı qiymət siyasəti ilə bağlı kəskin koqnitiv dissonans yaşayırdılar. İlk baxışdan Ər-Riyad çox paradoksal, absurd davranırdı: ölkə büdcəsində xərclər azaldılır, sosial ödənişlərin həcmi aşağı salınır və vergilər artırılırdı. İqtisadi-maliyyə böhranını xatırladan bu vəziyyət yeni zamanda səudilərin maliyyə bazarlarında aqressiv fəallığı ilə müşayiət olunurdu.

Nə baş verirdi və ümumiyyətlə, nə yaşanır?

Sualın cavabı çox sadədir: Səudiyyə Ərəbistanının uzunmüddətli strategiyası və perspektiv planı var. Həmin plan reallaşarsa, qlobal neft savaşında uduzan Səudiyyə Ərəbistanı və onu dəstəkləyən neft ölkələri yox, Qərb dövlətləri olacaqlar.

Hadisələrin xronologiyasına baxaq.

Qlobal koronavirus pandemiyası və neft qiymətlərinin ucuzlaşması nəticəsində Səudiyyə Ərəbistanının iqtisadiyyatı şok həddinə çatdı. Ölkənin qızıl-valyuta ehtiyatları isə ildırım sürətilə əriməyə başladı.

Aprelin sonunda səudilərin xalis xarici aktivləri - o cümlədən ABŞ-ın xəzinədarlıq öhdəlikləri və xarici depozitlər - 464 milyard dollaradək azaldı. Bu, son 19 ildə ən aşağı səviyyə idi. Ər-Riyad dərhal ehtiyatları işə salmalı, maliyyə böhranının ağırlaşmasına imkan verməməli idi.

Və səudilər Qərbi aldadacaq möhtəşəm oyuna başladılar. Məqsəd ölkədə ağır maliyyə böhranının yaşanmasına Qərbi inandırmaq idi.

İlk əvvəl cari il üçün büdcə xərcləri 26 milyard dollar azaldıdı, əlavə dəyər vergisi (ƏDV) 3 dəfə artırılaraq 5 faizdən 15 faizə çatdırıldı, büdcə təşkilatlarında çalışanlara ödənişlər və 2030-cü ilədək ölkə ölkə iqtisadiyyatının diversifikasiyası layihələrinin maliyyələşdirilməsi dayandırıldı.

Kuluarlarda səudilər əsl oyuna başlamışdılar. Səudiyyənin İctimai İnvestisiya Fondu (Public Investment Fund of Saudi Arabia, PİF) müxtəlif törəmə şirkətlər vasitəsilə "Equinor AS" (Norveç), "Royal Dutch Shell PLC" (Britaniya-Niderland), "Total SA" (Fransa) və "Eni" (İtaliya) neft-qaz şirkətlərinin səhmlərini almağa başladı.

Lakin bu, üvertüra idi. Mayın 16-da bəlli oldu ki, son iki həftədə səudilər Kanadanın ən böyük neft-qaz şirkətlərinin xeyli səhmini satın alaraq o şirkətlərin minoritar səhmdarlarına çevriliblər.
Daha dəqiq olsaq, PİF "Canadian Natural Resources Ltd."nin səhmlərinin 2,6, "Suncor Energy Inc."-in 2 faizini alıb. Bundan başqa, səudilər indi "Canadian Natural"da 8-ci, "Suncor"da isə 14-cü ən böyük səhmdardır.

Avropa Birliyi və Britaniyanın şirkətlərinin də səhmləri satın alınıb.

Ssenari sadə idi: bazardakı kollaps səbəbindən neft şirkətlərinin səhmlərinin ifrat ucuzlaşması şəraitdə səudilər onları satın alaraq perspektivə stavka ediblər.

Yəni Səudiyyə Ərəbistanının rəhbərliyi sosial stabilliyi və iqtisadiyyatın diversifikasiyasını riskə ataraq dövlət ehtiyatındakı dollarları, avroları, ABŞ-ın xəzinədarlıq kağızlarını neft şirkətlərinin çox ucuzlaşmış səhmlərinə döndərib.

Çox riskli, amma neft bazarının gələcəyinə olduqca cəsur stavkadır. Səudiyyənin elitası belə davranışı göstərir ki, Ər-Riyad yaxın vaxtlarda neft qiymətlərinin bahalaşmasına əsla şübhə etmir.

Belədə indi ucuz, az qala su qiymətinə alınmış səhmlər səudilərə yaxşı gəlir gətirəcək.


Müəllif: Elçin Alıoğlu

Oxşar xəbərlər