3 Sentyabr 2020 15:40
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vahid taksi tariflər elə müəyyənləşməlidir ki, sərnişinlər üçün xüsusi maliyyə yükü yaratmasın, şirkətlər də gəlir əldə edə bilsin”.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi xidməti ilə bağlı müzakirəyə çıxardığı yeni konsepsiya münasibət bildirərkən deyib.

O bildirib ki, apardıqları tədqiqatlar taksi xidmətinin keyfiyyətinin yüksək olmadığını göstərib:

“Çox təəssüf ki, son illər bu sektorda xidmətin keyfiyyətinin artmasını müşahidə etməmişik. Baxmayaraq ki, sektorda fəaliyyət göstərən şirkətlərin sayında artım var, amma bu, xidmətin keyfiyyətə müsbət təsir göstərmir. Pandemiya dövründə də taksi şirkətlərinin qaydalara əməl etməməsi müşahidə olundu. Xüsusən, sürücülərin tibbi maskalardan istifadə etməməsi kimi hallar var. Ona görə də xidmət keyfiyyətinin artırılması ilə bağlı standartların tərtibi məqsədəuyğun olardı”.

Vahid tariflərin tətbiqinə gəlincə, deputat bu təcrübənin bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə olduğunu vuruğulayıb:

“Xarici ölkələrdə vahid taksi tarifləri əsasında xidmət reallaşır. Hələlik konkret rəqəmlər müəyyən olunmadığı üçün onun müzakirəsi də mümkün deyil”.

Vüqar Bayramov təklif edib ki, vahid tariflər həm müştərilər, həm də şirkətlər üçün əlverişli olmalıdır:

“Tariflər elə müəyyənləşməlidir ki, sərnişinlər üçün xüsusi maliyyə yükü yaratmasın. Eyni zamanda, taksi şirkətlərinin gəlir əldə edə bilsin və bu sektorda gəlirliliyi artırmaq mümkün olsun. Bu baxımdan vahid tariflər müəyyənləşəcəksə, optimal variantın seçilməsi daha düz olardı”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətini tənzimləyən konsepsiya hazırlayıb. Agenlik konsepsiyanın hazırlanmasının zəruriliyini aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmət keyfiyyətinin aşağı olması ilə bağlayıb.

Bütün bu problemlərin həlli məqsədilə konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər