“Laçının ərazisi yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. İşğaldan sonra bu obyektlərin dağıdılması ölkəmizə milyardlarla manat zərər vurub”.
Bu fikirləri Teleqraf.com-a iqtisadçı Vüsalə Əhmədova deyib.
İqtisadçı bildirib ki, təbii şəraitinə görə Laçın rayonu ərazisində əsasən əkinçilik və arıçılıq üstünlük təşkil edib: “Ermənistanla həmsərhəd dağlıq ərazidə yerləşən rayon 1924-cü ildə təsis edilib. 1 şəhər, 1 qəsəbə və 125 kənd olmaqla rayonun bütövlükdə ərazisi 1.84 kv.km təşkil edir. İşğal edilməzdən əvvəl rayonda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 orta məktəb, 5 məktəbəqədər müəssisə, 5 müsiqi məktəbi, 1 internat tipli məktəb, 1 texniki peşə məktəbi, 1 rabitə evi fəaliyyət göstərirdi. Bu obyektlərin dağıdılması ilə ölkəmizə milyardlarla manat zərər vuruldu.
Məlumdur ki, ərazi yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri - qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Rayonda dünyada nadir ağaclardan sayılan qırmızı dəmirağac meşələri, kobalt, uran, dəmir yataqları da var. İllərdir iqtisadiyyatdan kənar qalan rayonun təbii sərvətləri ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verə bilər”.
Ekspert rayonun kurort-rekreasiya potensialının da geniş olduğunu vurğulayıb: “Rayon ərazisində böyük müalicəvi əhəmiyyətə malik 120-dək müxtəlif tərkibli mineral su yataqları var. 20-dən çox müəlicə əhəmiyyətli bulaq var ki, bunlardan İlıqsu, Tutqunçay və 4.300 m3/gün ehtiyatı olan Minkənd mineral suları diqqəti xüsusilə cəlb edir.
Palıd meşələri, saf qaynaq suları, şəlalələr, dağlar, düzənlər, yaylaqlar rayonun ərazisindən hər növ turizm üçün istifadə etmək imkanı verir. Rayonda xüsusilə, müalicəvi sanatoriya tipli turizm obyektləri inşa edilə bilər, o cümlədən, dağlıq ərazilərdə dağ-idman turizmi təşkil oluna bilər”.
Vüsalə Əhmədova işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun potensialının böyük olduğunu vurğulayıb: “Bilirik ki, bütün dünya hazırda qida təhlükəsi ilə üz-üzədir. Almanyanın “Aclıqla Mübarizə Təşkilatı” (Welthungerhilfe) dünya miqyasında açlıq problemi ilə qarşı-qarşıya qalan insan sayının yaxın zamanlarda bir milyarda yüksələcəyini vurğulayır. Təşkilatın 2019-cu il hesabatında dünyada təqribən 820 milyon insanın açlıqla üz-üzə olduğu qeyd olunur. COVİD-19 epidemiyasının yayılması və ardınca qida məhsullarının qiymətlərində yüksəlmə açlıq problemini daha da dərinləşdirib.
Hazırda torpağın ən dəyərli olduğu bir dövrdəyik. Dövlət Statistika Komitəsinin hesabatında bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi cəmi 1665,7 milyon hektar göstərilirdi. İndi isə torpaqlarımızın böyük əksəriyyətini işğaldan azad etdik. Hazırkı vəziyyətdə təcili atacağımız ilk addım həmin ərazilərdə sürətlə məskunlaşma aparmaqdır.
Məlumdur ki, 1 milyondan çox vətəndaşımız köç etmək məcburiyyətində qalıb. Azərbaycan bu prosesdə kənd təsərrüfatı istehsal potensialını nəzərə alaraq quracağı siyasətlə özünə kifayət edəcək istehsal strategiyası hazırlaya və bunları davamlı dəstək mexanizmləri ilə icra edə bilər.
Bir ovuc torpağımızın belə nə qədər qiymətli olduğunun fərqinə varmalıyıq. Tarixən Laçın rayonu ərazisindən təbii şəraitinə görə əsasən əkinçilik və arıçılıq üçün istifadə edilmişdi. Rayon ərazisində mövcud olan təbii ehtiyatları, rayonun turizm potensialını hər birini bir kənara qoysaq yalnız boş torpaqların var olması hər şeyə dəyər. Marqaret Mitçelin 1860-cı illərdə ABŞ-ın cənub əyalətlərində gedən vətəndaş müharibəsi zamanı və ondan sonra baş verən hadisələrdən bəhs edən “Küləklə sovrulanlar” romanında deyildiyi kimi, “uğrunda savaşmağa dəyən yeganə şey torpaqdır, çünki daimi olan tək şey odur”.