Heç bir xidmət təklif etməyən, sadəcə varlığını icarəyə verərək qarşısındakı şəxsi müşayiət edən Soji Morimotonun həyatı həm ölkəsi Yaponiyada, həm də dünyada böyük marağa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Soji işə pandemiya dövründə 163 manat müqabilində canı sıxılan və sosiallaşmaq istəyənlərlə məşğul olmaqla başlayıb.
Nəqliyyat və yemək xərclərini də müştərisinə ödətən Sojinin yeganə işi qarşısındakı şəxslə sadə söhbət etməkdir.
Morimoto xüsusilə koronavirusu epidemiyası səbəbindən tənha və depressiyada olan yaponlarla 10 min yapon yeni (163 manat) müqabilində yoldaşlıq edir. Yaponiyada 35 yaşlı Sojiyə “heç bir iş görmədən özünü kirayələyən adam" ləqəbi də verilib.
O, gündə 3-4 müştəri ilə görüşərək qazancını artıra bildiyini deyir. Qazandığı pul müqabilində yemək, içmək və qarşı tərəfin suallarına, eləcə də danışıqlarına sadə cavablar vermək kimi tapşırıqları yerinə yetirir.
Morimoto qısa müddətdə sosial mediada fenomen olub. Onun Tvitterdə 269 mindən çox izləyicisi var, üç il ərzində kitabı nəşr olunub və bir seriyalın çəkilməsində ilham qaynağı olub.
“Osak” Universitetinin fizika məzunu olan Morimoto evlidir, dörd yaşlı bir uşağı da var.
Bu xidməti bir müddət pulsuz təqdim edən Morimoto, artan tələblər və bəzi şəxslərin bu xidmətdən sui-istifadə etməsi nəticəsində, ödəniş almağa başladığını deyib: “İnsanların əksəriyyəti səslərinin eşidilməsini və kiminsə onları dinləməsini istəyir. Onları mühakimə etmədən dinləyirəm, insanların yalqızlıq hissini aradan qaldırıram”.