2020-ci il ərzində dünyada elektrik avtomobillərinin satışları 2019-cu ilə nisbətən 39 faiz artaraq 3,1 milyona çatıb. Ötən il ərzində 1,3 milyon elektromobil Avropa və Çin bazarlarında satılıb. Ötən il satılan minik avtomobillərinin ümumi həcmində elektromobillərin payı 5 faiz təşkil edib. Cari ildə bu rəqəmin 7 faizədək artacağı gözlənilir.
Analitiklər proqnozlaşdırır ki, 2021-ci ildə dünya üzrə elektromobillərin satışı 66 faiz artaraq 5 milyon ədədə çatacaq. 2030-cu ildə isə elektromobillərin ümumi satışdakı payının təxminən 50 faizədək artacağı proqnozlaşdırılır.
Elektromobillərə Azərbaycanda da rast gəlinir. Doğrudur, statistik olaraq inkişaf etmiş ölkələrlə müqayisə olunmasa da, ölkəmizin də bu tendensiyadan geri qalmadığı nəzərə çarpır.
İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, elektrik enerjisindən istifadə edən, ekoloji cəhətdən təmiz enerji mənbələri hesabına hərəkətə gələn və ondan istifadəsi mümkün olan sahələrə daha çox Yaponiya, Amerika və Avropa ölkələri böyük investisiyalar yatırır: “Bu tendensiya dünya bazarlarında yanacaq məhsullarına, xüsusən neftin qiymətinə təsir edir. Neftin qiyməti 4-5 il əvvəl olduğu kimi 100 dollardan yuxarı səviyyələri keçmir. Bu, qarşısıalınmaz bir prosesdir və Azərbaycan kimi xırda ölkələrə elektromobillərin gəlib çıxması da bunun tərkib hissəsidir.
Elektromobillər getdikcə daha geniş yayılacaq. Artıq ölkəmiz alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirir. Ötən gün Prezident Laçının Güləbird kəndində inşa olunan Su Elektrik Stansiyasının açılışını etdi. Bunun özü ekoloji cəhətdən təmiz, həm də maya dəyəri aşağı olan elektrik enerjisi verən bir mənbədir.
Dövlət başçısı açılışda bildirdi ki, regionda bu stansiyaların sayı artırılacaq. Ona görə ki, həmin ərazilərin çay sularında bolluq var. Yəni Azərbaycanın digər regionlarından fərqli olaraq bu bölgələrin təbii relyefi, çayların bol sulu olması alternativ enerji mənbələrindən bu rayonlarda daha çox istifadə olunmasına imkan verir.
Bu baxımdan elektromobillərin ölkəmizə idxalı getdikcə daha geniş xarakter alacaq. Elektromobillərin istehsalı yanacaqla işləyən avtomobillərlə müqayisədə olduqca aşağı qiymətə başa gəlir”.
Elektromobillərin artması yanacaq satışına necə təsir edəcək?
İqtisadçı deyir ki, artım səviyyəsi yanacağın satış həcminə təsir edəcək həddə deyil: “Bu gün ölkəmizdə əhalidə və hüquqi şəxslərdə olan ümumi avtomobillərin 99 faizi benzin və ya dizel yanacağı ilə işləyir. Bu avtomobilləri elektromobillərin idxalı nəticəsində bazardan sıxışdırıb çıxarmaq qeyri-mümkündür. Əvvəla, elektromobillərin ölkəmizə idxalına yeni başlanılıb. Dünya üzrə bu nəqliyyat vasitələrinin istehsal səviyyəsi də çox geniş xarakter daşımır. Bu səbəbdən də şəhərdə gözə dəyən 3-5 elektromobilə görə yanacağın qiymətinin tezliklə düşəcəyini gözləmək absurddur”.
Son vaxtlar dünyanın aparıcı neft-qaz konsernləri adlarını dəyişmək istəyirlər. “Total”, “BP” və “Shell” kimi neft-qaz şirkətləri devizlərini "neftdən enerjiyə" dəyişirlər. Onlar strategiyalarını açıqlayaraq investisiyalarını neft-qaza yox, alternativ enerjiyə yönəldəcəklərini bildirir.
Analitik hesab edir ki, hazırda dünyada ən gəlirli və gələcəyi parlaq görünən sahə alternativ enerjidir: “Tutaq ki, külli miqdarda pulu olan investor, həm də sözügedən şirkətlərin birinin rəhbəridir. O, planlarını 5 il sonranı düşünərək qurur.
Marketoloqları ətrafına cəlb edərək bazarın gələcək tələbatının nə olacağını götür-qoy edib, əlindəki vəsaiti ona yönəldir. Əks təqdirdə iri investorlar baqtşını aşağı salıb cari işlərlə məşğul olsalar, 5-10 il sonra onların şirkətləri rəqabətə tab gətirə bilməyəcək.
Hazırda Almaniyanın və Amerikanın maşınqayırma sənayesi çox komfortlu, yüksək zövqlü nəqliyyat vasitələri istehsal edir. Demək olar ki, dünya bazarlarını yapon, alman və Amerika avtomobilləri zəbt edib. Elektromobillərin meydana gəlməsi həmin şirkətin başında duranları vəsaitlərini tədricən bu texnologiyaya yönəltməyə düşündürür.
2020-2021-ci ildə istehsal olunan mövcud avtomobil markalarının əksəriyyəti saatda sürəti 60-70 kilometrə çatanadək elektrik enerjisi ilə hərəkət edir, bu sürət həddini keçəndən sonra yanacağa keçir. Artıq bu texnologiyanı “Mercedess”, “BMV”, “Toyota” kimi istehsalçı şirkətlər tətbiq edir. Buna görə də, gələcəkdə neft hasilatçısı və idxalçısı kimi tanıdığımız şirkətlərin hamısı adlarını da, profillərini də, fəaliyyət istiqamətlərin də dəyişəcək. Bu prosesin tez bir zamanda baş verməsini gözləmək olmaz. Bu, təxminən növbəti onilliyə qədər daha ciddi nəzərəçarpacaq”.
Pərviz Heydərovun qənaətincə, dünyada elektromobil sahəsində ixtisaslaşmış şirkət “Tesla”dır: “Azərbaycana “Tesla” avtomobilləri də gətirilir. Bildiyim qədərilə onların qiyməti də çox yüksəkdir. Bundan əlavə, ölkəmizdə Yaponiya istehsalı olan “Toyota Prius” markalı elektromobillərdən daha çox taksi xidmətləri üçün istifadə olunur. Həmçinin şəhərdə fəaliyyət göstərən yeni London taksiləri də saatda 120 kilometr sürətlə elektrik enerjisi ilə hərəkət edir. Bu nəqliyyat vasitələrini istehsal edən ölkələr əsasən Çin, ABŞ, Almaniya, İngiltərə və Yaponiyadır. Hələlik Azərbaycan bazarına daxil olan elektromobillərin hamısı Dubaydan idxal olunur. Bu işlə əsasən sahibkarlar məşğul olur. Onlar da harada idxal daha ucuz başa gəlirsə, vəsaitlərini ora yönəldirlər”.