1 Mart 2021 12:32
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında tikiləcək.

Qeyd edək ki, “ağıllı şəhər” konsepsiyası Prezident İlham Əliyevin imzaladığı “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, “ağıllı kənd” ideyası əsasən Avropada yaranıb: “2000-ci illərin ilk onilliyində ortaya çıxan bu ideya Avropa üçün də bir yenilik idi. “Ağıllı kənd” layihəsi ilk dəfə Avropanın cənubunda kəndlərdən axının qarşısını almaq məqsədilə tətbiq edilib.

Bu ideyanı ortaya qoymaq üçün çox da böyük investisiyalardan söhbət getmir. Onsuz da biz işğaldan azad olunmuş torpaqlarda kəndlər salmalıyıq. Bu layihələr mövcud kəndin strukturunu dəyişmir. Biz kəndləri keçmiş ata-baba qaydasında fikirləşməməliyik. Çünki o kəndlər həmin dövrün tələblərinə uyğun formalaşdırılmışdı.

Hazırda Qarabağa qayıdacaq insanların böyük əksəriyyəti şəhərlərdə yaşayır. Yeni salınan kənd və şəhərləri "ağıllı kənd" və “ağıllı şəhər” formasında bərpa etmək bizə ancaq üstünlük gətirə bilər.

Nəzərə alaq ki, şəhərdə yaşayan insanlar şəhərdəki xidmətə, infrastruktura öyrəşiblər. Bu insanlar şəhərdə gördüyü xidməti kəndlərdə də almaq istəyər. Əks halda onlar yeni yaşayışa uyğunlaşa bilməzlər”.

Analitik deyir ki, burada önəmli olan "ağıllı kənd"lərin elektronlaşması və rəqəmsal xidmətlərin təşkilidir: “Dövlət bir çox xidməti elektronlaşdırıb. İndi ASAN vasitəsilə bu xidmətlərdən faydalanmaq rahatdır. Hazırda bir çox şəhər və rayon mərkəzlərində tətbiq olunan xidmətlərin kəndlərə transferi nəzərdə tutulur. Nəzərə alaq ki, kəndlər 10-15 ailənin məskunlaşdığı yer deyil.

Bu konsepsiya Avropadakı kimi, bütün internet texnologiyalarının tətbiq olunduğu, dövlət xidmətlərinin elektron şəkildə təqdim edildiyi bir layihədir. İnsanlar evdə oturaraq bir çox dövlət xidmətlərini internetdən sifariş edə və ya ala bilir. Yüksək texnologiya onlar üçün əlçatan olur. Bir sözlə, şəhərin mərkəzində hansı xidmət və texnologiyaya əl çatırsa, eynisi kəndlərdə də olmalıdır.

İstənilən halda işğaldan azad olunmuş kənd və rayonlar internet texnologiyaları, telefon və rabitə xidmətləri ilə təmin olunmalıdır. Eyni zamanda e-gov, ASAN xidmət kimi bir çox uğurlu layihələr bu ərazilərdə tətbiq olunmalıdır”.

Xalid Kərimli onu da qeyd edib ki, "ağıllı kənd"də infrastruktur düzgün formalaşmalıdır: “İnsanların ehtiyac duyduğu sosial xidmətlər düzgün təşkil edilməlidir. Burada həmçinin nəqliyyatın düzgün planlaşdırılması da olmalıdır ki, insanlar nəqliyyata rahat çıxışı əldə edə bilsinlər. Bütün bunlar vətəndaşlara dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilməsinə imkan verəcək. Bu, həm aktivlərin idarə edilməsi, həm səmərəliliyin artırılması, həm də hədəflərə nail olunması baxımından əlverişlidir.

"Ağıllı kənd"də elektron dövlət xidmətlərinin əlçatanlığı hansısa ucqar bir kənddə yaşayan şəxsin arayış alması üçün şəhərin mərkəzinə gəlməsini məcburi etmir. Nəticədə kənddə məskunlaşan insan orada qalmasının dezavantajını hiss etmir. İndi texnologiyalar əsridir. İnsanlar "ağıllı kənd"in verdiyi imkanlardan yararlanaraq gəlir əldə edə və yaxud da xərclərini aşağı sala bilərlər”.

Müsahibimizin qənaətincə, "ağıllı kənd" və “ağıllı şəhər” layihələri alternativ enerji mənbələrindən istifadəni də təbliğ edir: “Bu layihədə enerji istehsalı üçün ənənəvi istilik elektrik stansiyalarına yox, külək, Günəş, çay ehtiyatlarından istifadə planlaşdırılır. Bərpaolunan enerjidən istifadə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Bu da həm uzunmüddətli dövrdə daha ucuz enerji xərclərinin olmasına, həm də ətraf mühitin daha az çirklənməsinə zəmin yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı