“Hər 100 manatlıq kreditinin cəmi 17 manatı regionların payına düşür və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərinə ayırır”.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat Mərkəzi Bankın məlumatına istinadən qeyd edib ki, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakıya aiddir: “Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldqıda, o zaman kredit qoyuluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur. Deməli, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditinin cəmi 17 manatı regionlara və ya hər 100 manatlıq kreditin 80 manatını banklar Bakı şəhərinə ayırır”.
Bankların regionlara daha az kredit ayırlmasının əsas səbəblərinə gəlincə, iqtisadçı bunu rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olması ilə əlaqələndirib: “Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibidr.
İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.