“Tarif Şurasının təbii qaz qiymətləri ilə bağlı qərarı əhaliyə, ələlxüsus da aztəminatlı əhali kataqoriyası üçün ciddi təsir etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı bildirib ki, qaz istehlak həcmi bir milyard kub metr (2.7 milyard kub metrdən 3.7 milyard kub metrə) artıdığından dövlət büdcəsinə yük olmaması üçün bu addım atılıb: “Əhali abunəçilərinin təxminən 51%-ni əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb.
İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Etiraf edək ki, hazırda 2500 kub metrdən çox istifadə edən insan çox kasıb deyil.
Digər tərəfdən, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Bilirik ki, istilik elektrik stansiyalarında elektrik enerjisinin alınması zamanı daha çox təbii qazdan istifadə edilir.
Bu stansiyalara verilən qazın qiyməti cəmi bir qəpik - 12 qəpikdən 13 qəpiyə qaldırıb. Çox qalxsaydı, növbəti ay elektik qiymətlərinin müzakirəsi və qaldırılması qaçılmaz olacaqdı.
“Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Əslində nəzərə alsaq ki, hazırda mövsüm geridə qalıb, onsuz da qaz istifadəsi yox dərəcəsindədir, bu, elə də təsir etməyəcək. Növbəti ilin yanvarında bu qiymət dəyişməzsə, bunu müsbət qiymətləndirmək olar”.
Eldəniz Əmirovun sözlərinə görə, yalnız ticarət, xidmət və digər sahələrdə tariflər 5 qəpik artırılıb ki, burada da qaz istifadəsi çox deyil.