14 Sentyabr 2021 16:41
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ərzaq məhsullarının və digər gündəlik tələbat mallarının qiymətləri artır. Əhalinin yaşayış səviyyəsinə uyğun gəlməyən inflyasiya yüksək həddə çatıb.

Apardığımız müşahidələrə görə, əvvəllər 7 manata olan 2 litrlik qarğıdalı yağının qiyməti indi 10 manata təklif olunur. Tələbatı çox olan 5 kiloluq kərə yağı adı altında satılan “Tulçinka”nı əvvəllər 24 manata əldə etmək olurdusa, hazırda qiyməti 27 manatadək artıb. Müxtəlif markalı zeytun yağlarının qiyməti 9 manatdan 14.40 AZN-ə qədər artıb. Süd və süd məhsulları üzrə də qiymətlərdə 0.20-0.30 AZN artım qeydə alınır. O cümlədən, 0.90 AZN olan şəkər tozunun 1 kiloqramı indi 1.23 AZN olub.

Ötən ay 50 kiloqramlıq un 27,50 AZN-ə satılırdısa, sentyabrdan 30 AZN-ə qədər qalxıb. Bahalaşma çörəyin qiymətində də müşahidə olunur. Belə ki, əvvəllər 0.60 qəpiyə satılan çörəyin qiyməti bəzi yerlərdə 0.80 qəpiyə qədər artıb.

Təmizlik məhsulları, eləcə də uşaq bezləri kimi qeyri-ərzaq məhsulları seqmentində də bahalaşma müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına istinad etsək Azərbaycanda illik inflyasiya 5 faizə çatmaq üzrədir. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 %, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,2 % təşkil edib.

Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 %, ötən ilin avqust ayına nisbətən isə 106,7 % olub.

Eyni dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 %, əvvəlki ilin avqust ayına nisbətən 107,8 % təşkil edib.

Maraqlıdır, son aylar ölkəmizdə xüsusi olaraq ərzaq məhsullarının bahalaşması nə ilə bağlıdır?

İqtisadçı Eldəniz Əmirov Teleqraf.com-a bildirib ki, ilin əvvəlindən istehlak bazarında qiymətlərdə artımların olacağı gözlənilən idi: “Kommunal xərclərin artırılması, eləcə də pandemiya səbəbindən yerli istehsalda olan büdrəmələr, idxaldan asılılıq kimi səbəblər qarşıdakı aylarda qiymət artımlarının baş verəcəyini deməyə əsas verirdi. Belə də oldu. 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 3.3 faiz artım qeydə alınmışdı. Eyni dövrdə ümumilikdə qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə də artım olmuşdu.

Hazırda istehlak bazarında müşahidə olunan qiymət artımı kifayət qədər böyük rəqəmlə ifadə olunur. Bəzi məhsullar üzrə qiymət artımı 9-10-15%, bəzən də 20%-ə qədərdir. Əgər 7 manatlıq yağ 10 manata qədər bahalaşıbsa, təxminən 40%-ə qədər qiymət artımından söhbət gedir.

Bilirik ki, Dövlət Statistika Komitəsinin açıqladığı inflyasiya rəqəmləri həmişə aşağı olur. Burada yanaşma və hesablama metodologiyası fərqlidir. Yəni real istehlak bazarında alıcılar inflyasiyanın daha yuxarı təsirlərini hiss edirlər. Amma inflyasiya göstəricilərinin hesablanması zamanı bundan aşağı rəqəmləri müşahidə edirik. Hesablama metodologiyasının əsasını qiymət artımının daha çox olmadığı qeyri-ərzaq məhsulları və xidmət sektoru təşkil edir. Bu istiqamətlər ümumi illik inflyasiyanın hesablanmasında iştirak edir, müəyyən pay sahibi olur.

Amma əhalinin böyük kütləsi qeyri-ərzaq məhsulları və ödənişli xidmətlərindən çox istifadə etmədiyinə görə bu indeks üzrə qiymətin artmamasının təsirini sadə vətəndaşlar o qədər də hiss etmir. Əhali daha çox gündəlik tələbat məhsullarının bahalaşmasının təsirlərinə məruz qalır. Bu səbəbdən insanlar rəsmi statistikadan dəfələrlə artıq qiymət artımını hiss edirlər”.

Analitik qeyd edib ki, qiymət artımı bir neçə faktordan qaynaqlanır: “Kommunal xidmətlərin, eləcə də yanacağın qiymətinin artırılması ilkin dövrdə büdcəyə və digər xidmət sektorlarına əlavə vəsaitlərin daxil olmasına imkan yaratsa da, bu təsir qısamüddətli olur. Bu təsirlər uzunmüddətli dövrdə qiymət artımlarına gətirib çıxarır. Yanacağın qiymətinin artması bazarlara çıxarılan yerli istehsal məhsullarının qiymətinin artmasına birbaşa təsir göstərir. Xüsusən də kənd təsərrüfatı məhsullarının istehsalı zamanı onun maya dəyərinin formalaşmasında yanacağın rolu çox böyükdür”.

Azərbaycanda bu ilin ilk 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı isə 3,9 faiz artıb. Ölkənin kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı artırmır?

Eldəniz Əmirov deyir ki, Azərbaycanda təkcə sənaye sahələri üzrə deyil, kənd təsərrüfatı məhsullarında da idxaldan asılılıq var: “Statistik məlumatlardan göründüyü kimi, təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı isə 4 faizə qədər artıb. İnsanların tələbatı artmayıb, deməli, yerli istehsalda və yaxud da yerli istehsalın bazarı təmin etməsində bir problem yaranıb ki, tələbat idxal məhsulları hesabına ödənməli olub. Onu da nəzərə almaq lazımdır ki, idxalçı ölkələrdə gedən qiymət artımları inflyasiya birbaşa idxal məhsullarının qiymətinə təsir edir”.

İstehlak bazarında təklif real tələbi ödəyirmi?

İqtisadçının qənaətincə, yerli istehsal təkbaşına mövcud tələbatı ödəyə bilmir: “Bu, çox ciddi problemdir. Ümumilikdə idxal məhsulları ilə yerli istehsal birlikdə daxili tələbatı ödəyir. Bu sektorun idxaldan asılı olması, həm də ölkədən əlavə valyuta axınına gətirib çıxarır. Yəni, həm ölkədə məhsul istehsal edirik, əvəzində həm də ölkədən pul çıxır. Yaxşı olardı ki, tələbat daxili istehsal hesabına ödənilsin. Bu, ölkədən valyuta axınının qarşısını almış olacaq.

Xarici fermerlərə ödənilən vəsait yaxşı olardı ki, öz sahibkarlarımıza və fermerlərimizə ödənilsin. Əgər yerli istehsalın heç olmasa 80%-i hesabına daxili tələbatı ödəyə bilsəydik, bu, təkcə qiymətlərə müsbət təsir göstərməyəcək, eyni zamanda regionlarda kənd və fermer təsərrüfatlarının sürətli inkişafına öz töhfəsini vermiş olardı”.


Müəllif: Yeganə Oqtayqızı