11 Fevral 2022 14:43
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Vergi Xidməti işçilərinin peşə bayramıdır. Vergi iqtisadi inkişaf üçün yalnız fiskal deyil, eyni zamanda stimullaşdırıcı alətlərdən biridir. Pandemiya dövründə büdcə daxilolmalarında stabilliyin və mövcud struktur şaxələndirilməsinin qorunub saxlanmasında Vergi Xidmətinin xüsusi rolu oldu. Belə ki, 2021-ci ildə vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manata çatdı. Bu isə proqnozun 17,7 % artıq icrası deməkdir. Qeyri-neft sektoru üzrə illik vergi daxilolmaları da 13,5% artaraq 6,4 mlilyard manata çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilər bərpasında, iqtisadiyyatın formalaşması və reinteqrasiyasında da verginin xüsusi rolu olacaq: “Daha çox stimullaşdırıcı tədbirlərlə sərmayələrin cəlb edilməsi hədəflənir. Artıq Ağdam və Cəbrayıl rayonlarında yaradılan sənaye parklarında vergi güzəştləri tətbiq edilməklə daxili sərmayə təşviq olunacaq.

2030-cu ilədək olan Milli Prioritetlər də vergi sektoru üçün yeni imkanlar və çağrışlar formalaşdırmaqdadır. İqtisadiyyatın ağardılmasının dərinləşdirilməsi, qeyri-neft istehsal və ixracatının artırılması kimi hədəflər də verginin iqtisadi inkişafı stimullaşdrıcı alətlərindən daha sıx istifadə edilməsini zəruri edir”.

Vüqar Bayramov hər bir vergi işçisini peşə bayramı münasibətilə təbrik edib və iqtisadi inkişaf üçün vacib fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.


Müəllif: Yeganə Oqtayqızı