“Rusiya Taxıl Dəhlizi Sazişinin müddətinin 2 ay uzadılmasına etiraz etmədi. Buğda və arpa kimi taxıl məhsullarının adətən mayın sonunda biçildiyini nəzərə alsaq, geosiyasi risklərin təxirə düşdüyünü deyə bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Məhsulları İxtisaslaşdırılmış Birjasının (TÜRIB) baş direktoru Əli Kıralı deyib.
O bildirib ki, Qara Dəniz Taxılı Dəhlizdə müddətin uzadılması ilə qiymətlərin yumşalması gözlənilir: “Taxıl Dəhlizi Sazişi qlobal ərzaq böhranının aradan qaldırılmasında mühüm rol oynayır. 2022-ci ilin iyul ayından etibarən qlobal əmtəə qiymətlərində enmə tendensiyası müşahidə olunur”.
Əli Kıralı ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) dünya buğda istehsalı proqnozunu 5 milyon ton artıraraq 789 milyon tona çatdırdığına diqqət çəkib: “Keçən il təxminən 100 milyon ton buğda istehsalı ilə rekord qıran Rusiyanın 2023-cü ildə də bu səviyyələrdə məhsul istehsal edəcəyi proqnozlaşdırılır. Rusiya üçün bu məhsulların ixracını normallaşdırmaq vacibdir. Bu ölkənin 2023-cü ilə əhəmiyyətli ehtiyatla girəcəyi və yaxşı məhsul götürəcəyi gözlənilir”.
TÜRIB direktoru FAO Ərzaq Qiymətləri İndeksinin 2022-ci ilin martından 2023-cü ilin fevralına qədər ardıcıl 11 ay azaldığını da deyib: “Qlobal miqyasda quraqlığa baxmayaraq, müsbət məhsul gözləntiləri tədarüklə bağlı narahatlıqları bir qədər aradan qaldırıb. Keçən həftə (6-10 mart) türk birjalarında ərzaq buğdasının orta çəkili qiyməti 6,48 lirə (0.58 AZN), dünən isə 5,36 lirə (0.48 AZN) olaraq hesablanıb. Yəni həm dünyada, həm də Türkiyədə qiymətlər enişdədir”.
Qeyd edək ki, bu günə qədər Taxıl Dəhlizindən 24 milyon tona yaxın taxıl daşınıb. Bunların 40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, 5 faizi isə Yaxın Şərqə göndərilib.