16 Yanvar 2015 16:15
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergi Məcəlləsindəki dəyişikliklər qiymətli metala da təsirsiz ötüşməyib

Azərbaycanda qızıl məmulatları bahalaşıb. Artımın 25-30 faizədək olduğu bildirilir. Buna səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər əsas gətirilir.

Vəziyyəti şərh edən iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, qızılın qiymətindəki artım səviyyəsi son 1 ayda 20-30 faiz səviyyəsində olub: “Bu dəyişikliyi şərtləndirən səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar. İlk növbədə Azərbaycanda əhalinin əmanətlərində gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsi ikili effekti yaratmaqdadır. Bir tərəfdən ildən-ilə aşağı düşən faiz gəlirləri ilə yanaşı, əldə edilən gəlirlərin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji tərsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. Eyni zamanda əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir. Bu halda əhalinin əlində cəmləşmiş sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır”.

Ekspertə görə, bu halda Azərbaycanda iki ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər: “Onlardan biri əmlak bazarıdır ki, bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkinci bazar isə qızıl bazarıdır ki, orda əksinə qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarında ötən ilin sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib. Hazırda 1 troya unsiyası qızılın qiyməti 1257 ABŞ dollarıdır ki, bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır. Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları,aksiz dərəcələrinin qaldırılmasıdır. Bütün bunlar da qızıl bazarda qiymətlərin daha yüksək sürətlə artımına gətirib”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər