2 May 2015 01:38
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, mayın 1-də Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin yanacaq-energetika sahələrinin rəhbərlərinin, habelə Avropa Komissiyasının nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçirilib. Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edib. Görüşün yekunlarına dair Bəyannamə qəbul edilib.

AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, gündəlikdə enerji daşıyıcılarının dünya bazarlarına, o cümlədən Avropa istiqamətində bazarlara çıxarılması marşrutlarının şaxələndirilməsi üzrə təxirəsalınmaz məsələlərin müzakirəsi nəzərdə tutulub.

Yanacaq-energetika kompleksi sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, o cümlədən transmilli tranzit qaz kəmərlərinin inşa edilməsi, enerji mənbələrindən bərabərhüquqlu və ədalətli istifadə, habelə enerji resurslarının beynəlxalq energetika bazarlarına maneəsiz çıxarılması prinsipləri əsasında Xəzər regionundan Avropaya təbii qaz nəqli üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib.

Tədbir iştirakçıları Xəzər regionundan Avropaya təbii qaz nəqli ilə bağlı təşkilati, hüquqi, kommersiya, texniki və digər məsələlər kompleksinin nəzərdən keçirilməsi məqsədilə həmin sahənin ekspert və rəhbərlərinin dördtərəfli danışıqlar formatında sistemli görüşlərinin davam etdirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.

Tərəflər əməkdaşlığın bu istiqamətinin inkişafı üzrə korporasiya yaratmaq imkanları barədə fikir mübadiləsi aparıblar. Dördtərəfli görüş iştirakçılarının fikrincə, birgə fəaliyyətdə bərabərlik və qarşılıqlı fayda prinsiplərinin təmin edilməsi üçün müvafiq kommersiya çərçivələri müəyyən etmək məqsədəuyğundur.

Görüşün yekunlarına dair qəbul edilmiş Bəyannamədə Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına yönələn təsirli mexanizmlər yaradılması məsələləri üzrə qarşılıqlı fəaliyyəti beynəlxalq təşkilatlar çərçivəsində fəal davam etdirmək səyləri təsdiqlənib.


Müəllif: