FED-in uçot dərəcəsini artırmasından sonra artıq beynəlxalq bazarlarda maliyyə stressləri müşahidə olunmaqdadır.
Teleqraf.com xəbər verir ki, bu haqda iqtisadçı ekspert Qubad İbadoğlu açıqlama verib. Onun sözlərinə görə, uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalmasına səbəb olacaq:
“ABŞ-da Mərkəzi Bankın funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faizdən 0,5 faizədək artırmaqla bağlı tarixi qərar qəbul etdi. FED sonuncu dəfə belə qərarı 2006-cı ildə vermişdi. O vaxtdan bəri dəyişməz qalan uçot dərəcəsinin dekabrın 16-dakı artımı nəticəsində “Dow Jones” indeksi 57 bənd, NASDAQ indeksi isə 10 bənd möhkəmləndi. Uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalması və faiz dərəcələrinin artımını stimullaşdırır. Bu qərar həmçinin dolların mövqeyinin möhkəmlənməsinə xidmət edir. Neftin qiymətlərinin ucuzlaşdığı indiki şəraitdə verilən bu qərar nəticəsində dövlət maliyyəsi resurs gəlirlərindən asılı olan ölkələr üçün milli valyutaların dollara nəzərən dəyərinin uculaşacağı gözlənilir”.
Azərbaycan Mərkəzi Bankından (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibət olaraq bildirilib ki, FES-in qəbul etdiyi qərar gözlənilən idi: "Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik".
AMB rəsmisi ona da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.
Qeyd edək ki, ABŞ-da Mərkəzi Bankın funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edib. Federal Açıq Bazar Komitəsi uçot dərəcəsini 0,25 faizdən 0,5 faizə qədər artırıb.
Ayxan