22 May 2016 15:05
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də Qubada V Qafqaz İqtisadi Forumu keçirilib.

Teleqraf.com-un məlumatına görə, Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən forumda İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Quba Rayon İcra Hakimiyyəti, "Veysəloğlu" şirkətlər qrupu, millət vəkilləri təqdimatçı kimi yer alıb. Bundan başqabir çox dövlət və özəl sektorun nümayəndələri, mütəxxəsislər və elm adamları da müzakirələrdə iştirak ediblər.

“İqtisadi Böhran Kontekstində İxracın Stimullaşdırılması” mövzusunda keçirilən müzakirələrdə forum iştirakçıları öz fikirlərini bölüşüb.

Forumu açıq elan edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bu il 5-si keçirilən forumun tarixi haqda məlumat verib bu tədbirin da əvvəlkilər kimi fayadalı olacağını bildirib. Rektor müzakirələrə qatılan hər kəsə təşəkkür edib və Forumun işinə uğurlar arzulayıb.

Foruma ev sahibliyi edən Quba rayonu icra hakimiyyətinin birinci müavini Yusif Abidov çıxışında belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduğunu bildirib. O, forumun mövzusuna uyğun olaraq möhtərəm prezitentimiz İlham Əliyevin diqqət və qayğısı ilə Quba rayonunun ölkəmizdə qeyri – neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafına olan töhvələrindən danışıb.

Forumda çıxışı zamanı Milli Məclisin deputatı Vahid Əhmədov “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatında yaranan vəziyyətdən danışıb: “1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” neft kontraktından sonra Azərbaycana külli miqdarda valyuta daxil olub. Bu pulların Azərbaycana daxil olmaları 2000-ci ildən etibarən başlayıb”.

V.Əhmədov qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan neft ixracından təqribən 200 milyard dollar vəsait əldə edib: “Bu illər ərzində Azərbaycana 100 milyardlarla investisiya vəsaitləri qoyulub. Cənab Prezident İlham Əliyev hələ 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası zamanı hər zaman Azərbaycan hökuməti qarşısında iki mühüm məsələ qoyurdu. Bunlardan biri ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, digəri isə qeyri-neft sektorunun inkişafı ilə bağlı idi. Bu hələ 12 il öncə cənab Prezident tərəfindən ortaya qoyulan məsələ idi. Son illərə qədər Azərbaycanın dövlət büdcəsinin 80 faizi neft gəlirlərindən gələn gəlirlərin hesabına formalaşmışdı, qeyri-neft sektoru yalnız 20 faiz təşkil edirdi. Amma son iki ildə müəyyən ciddi addımlar atıldığı üçün Azərbaycanın dövlət büdcəsinə gələn neft gəlirləri indi 60 faiz, qeyri-neft sektoru isə 40 faiz təşkil edir. Biz indi çalışırıq ki, heç olmasa yaxın illərdə qeyri-neft sektorunun payı 50 faiz səviyyəsinə çatsın”.

Millət vəkili bildirib ki, son vaxtlar Azərbaycanda iqtisadi sahədə çox ciddi addımlar atılır: “Cənab Prezident Azərbaycanda yeni bir iqtisadi model ortaya qoyub, bununla bağlı çox ciddi göstərişlər və qərarlar verib. Son vaxtlar ölkə Prezidenti tərəfindən çox ciddi sərəncamlar, Milli Məclis tərəfindən çox əhəmiyyətli sənədlər qəbul olunur. İndi Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizə gedir. Hazırda biz bunun üzərində çox ciddi çalışrıq ki, ölkədə korrupsiya tamamilə aradan qalxsın. Məsələ bu gün gömrük sistemində heç bir problem yoxdur. Bu da idxal-ixrac əməliyyatlarının maneəsiz aparılmasına zəmin yaradır. Mən bunu tam səmimi deyirəm”.

Daha sonra Milli Məclisin deputatı Azər Badamov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Rövşən Quliyev və Azərbaycan Texnologiya Universitetinin prorektoru Səbuhi Yusifov çıxış edərək forumun işini yüksək qiymətlədiriblər.

Forumda Azərbaycan iqtisadiyyatının mənfi ekzogen təsirlərə qarşı dayanıqlılığının təmin olunması, manatın devalvasiyasının qeyri neft sektorunun ixracına təsiri, neft gəlirlərinin azalması fonunda ixracın diversifikasiya zərurəti, ixracın stimullaşdırılması istiqamətində aparılan islahatlar, ixrac potensialının yüksəldilməsi və ixracın stimullaşdırılması yolları Azərbaycan şirkətlərinin beynəlxaq bazara çıxmasında innovativ sahibkarlığın əhəmiyyəti, ixracın stimullaşdırılmasında İKT-nin rolu, ixracın stimullaşdırılmasında İSO 9001:2015 standartlarının rolu kimi mövzular müzakirə olunub.

Forumun yekununda əldə ediləcək nəticələrin əlaqədar dövlət qurumlarına təkliflər paketi kimi təqdim ediləcəyi bildirilib.

İqtisadi forumun gələcək illərdə də davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Qafqaz Universitetinin təşkilatçılığı ilə 2012-ci ildən etibarən ənənəvi olaraq keçirilən "Qafqaz İqtisadi Forumu" hər il ölkə iqtisadiyyatı üçün aktual olan sahələrə həsr edilməklə elmi tədqiqatların təqdimatı və maraqlı tərəflərin fikir mübadiləsi şəraitində keçir.

Yusif Ağayev


Müəllif:

Oxşar xəbərlər