Xalq artisti Aygün Kazımova Xəzər TV-də qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova 90-cı illərdə cəbhə bölgəsinə getməsindən danışıb: “Hələ uşaqlıqdan cəbhəyə getmək, cəbhədə olmaq haqda xəyallar qururdum. Düşünürdüm ki, artilleriya atəşinə düşsəm nə edə bilərəm? Hətta uşaq vaxtından məşqlər edirdim.
Nələr düşünmüşdümsə, demək olar ki, hamısı başıma gəldi. Mühasirəyə düşmək təhlükəsi oldu. O vaxt müharibəyə könüllü getmişdim. Anam məni görəndə şoka düşdü. Qızım da anamın qucağında idi. Anam dedi ki, qızım, getmə. Axı, sənin uşağın var. O vaxt uşaq, səhnə, ailə haqda düşünmürdüm.
Bir hadisəni danışım. Axşamüstü öz hərbi hissəmizə gedirdik, komandirlərin toplantısından gəlirdik, “Niva” markalı maşın idi. Mən arxada oturmuşdum. Komandirimiz də orada idi. Onlar söhbət edirdi, mən qulaq asırdım. Ən önəmli danışıqlarımızdan biri o idi ki, nəsə olsa, əsir düşsək, kimə fürsət düşsə ilk növbədə Aygünü vursun, əsir düşməsin. Düşmən əlinə keçməsin.
Mən bununla barışmışdım. Dağın yaxınlığı ilə gedirdik, ermənilərin səsi gəlməyi başladı. Həmin an qucağında qızım olan anam gözümün önünə gəldi. Xilas olduq, elə bir söz var, anam namaz üstündəymiş. Qurtulduq.
İndi başqa ruhdayıq. Ali Baş Komandamız demişkən Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.