12 Fevral 2021 09:05
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə (Toppuş bacı) Əliyeva Teleqraf.com-un qonağı olub.

Onunla müsahibəni təqdim edirik:

- Tünzalə xanım, xərçənglə mübarizə aparmaq asan deyil. Siz bu xəstəliyə dördüncü dəfə qalib gəldiniz...

- Bəli, dördüncü dəfə bu xəsətlikdən sağaldım. Həkimim bunu mənə bildirirərkən daxilimdə sevinclə tərəddüd hissi bir-birinə qarışdı. O hissləri anlaya bilmədim... Yalnız onu xatırlayıram ki, xəstəxanada pəncərənin qarşısında dayanıb qaynanamla bacıma zəng etdim.

Atamın 83 yaşı var, mənim ağır xəstə olmağımdan xəbərsizdir. Ona nə deyəcəyimi bilmirdim. Ona da zəng elədim. Sadacə dedim ki, narahat olma, mən sağalmışam.

Avtomobilə mindim, həyat yoldaşıma və qızım Zəhraya da təzə xəbəri çatdırdım. Dedim ki, dərman içəcəm və bir daha xəstələnməyəcəm. Qayınanam zəng etdi, qızım telefonu götürüb dedi ki, nənə, anam sağaldı. "Sağaldı" sözü və həyat yoldaşımın reaksiyası sadəcə film kimi idi.

- Həyat yoldaşınız bu müddətdə sizə necə dəstək oldu?

- Bir kişinin bir qadına dəstək ola biləcəyindən üstün dəstək verdi. Təsəvvür edin, kimyaterapiya ərəfəsində mənə ağır iynələr vurulurdu. Bu iynələrin təsirindən adamda belə bir hissiyyat yaranır ki, sanki onurğa sümüyünü qırırlar. Mən bir həftə ərzində doqquz-on iynə vurdururdum. Dözülməz ağrılarım olurdu. Komaya düşürdüm, ayılırdım.

Bədənin sənə cavab vermir, eşitmirsən. Hiss edirsən ki, yanında kimsə danışır. Bədənin isə heç nəyə reaksiyası yoxdur. Aylarla belə davam edib.

Həyat yoldaşım qızımıza və mənə baxırdı. Dəqiqədən bir ayağım çarpayıdan düşürdü, o, ayağımı qaldırırıb yerinə qoyurdu. Mən arzu edirəm ki, xanımlarımızın yanında hər zaman çətin günündə ona dəstək ola biləcək insan olsun. Ola bilər, mən də ona çox yaxşı dəstək olmuşam.

Yeni əməliyyatdan çıxmışdım, həkimə dedim ki, məni evə buraxın, qızımsız qala bilmirəm. Yeddi gün idi uşağımı görmürdüm. Evə getdim, həyat yoldaşım Royal dedi ki, sənin üçün, gözəl əl qabiliyyətin üçün darıxmışam. Mənim bir şüarım var, qadın layiq olduğu qədər həyat yoldaşına baxmalıdır. Həyat yoldaşından diqqət görməyən qadınlar ola bilər, yenə də qadın üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

- Müsahibələrinizin birində demişdiz ki, xəstəlik ərəfəsində həyat yoldaşınızdan ayrılmaq qərarına gəlmisiniz.

- Ola bilər, fikrimi başqa cür çatdırıblar. Amma xəstə olan dönəmdə düşünürdüm ki, bəlkə, tale düzgün yazılmadı. Çünki biz biri-birimizi tanıyandan bir müddət sonra xəstələndim. Amma heç vaxt boşanmaq haqqında düşünməmişəm və bu, ola da bilməz. Çünki biz bir-birimizə bağlı insanlarıq. Buna Allahım imkan verməsin. Mən elə söz deməmişəm və demərəm də...

- Tünzalə xanım gücünü nədən alır?..

- Əslində, mən göründüyü qədər güclü deyiləm, zəif insanam. Bu xəstəliyin ilk mərhələsində xəstəxanaya getmişdim, həyətdə kimyaterapiya qəbul etmiş uşaq vardı. Uşaq yemək yeməmişdi, rəngi ağappaq idi. Mən onda hələ kimyaterapiya almamışdım. Ona dedim ki, niyə yemək yemirsən? Cavab verdi ki, yemək yeyə bilmirəm. Özüm kimyaterapiya alandan sonra gördüm ki, necə çətin prosesdir. Bunu yalnız kimyaterapiya alanlar bilər.

Kimyaterapiya hər dəfə müxtəlif orqanlara təsir edir. Mənim ayaq dırnaqlarım çürümüşdü, eşitmə, görmə qabiliyyətim zəifləmişdi. Hərdən insanlara deyirəm ki, bir az bərk danışın. Kar deyiləm, sadəcə eşitmə qabiliyyətim zəifləyib.

Mən xəstəxanada gücümü xərçənglə mübarizə aparan bir xanımdan aldım. O, küncdə durmuşdu, vəziyyəti çox ağır idi, nəfəs ala bilmirdi. Mənə dedi ki, Tünzalə xanım, sizin seriallarınıza baxıb gülürəm. Düşündüm ki, insanlar bu vəziyyətində belə məni sevirlər. Mən qarşıma məqsəd qoydum ki, çox güclü olmaq lazımdır. Məni o qadın güclü etdi. Bilmirəm həmin qadın yaşayır, yoxsa dünyasını dəyişib.

Bu xəstəlik şeytani xəstəlikdir. Daim insanı qəmgin olmağa vadar edir. Xəstəxanaya vaxtında müraciət etmək lazımdır. Mən həkimlərimə təşəkkür edirəm. Həkimlərə inanmaq və dediklərini etmək lazımdır.

- Həyatda nədən qorxursunuz?

- Uşaq vaxtlarımdan qaranlıqdan qorxuram. Evdə qaranlıq olsa, yata bilmirəm. Mütləq bir yerdə işıq yanmalıdır.

- İki dəfə mədəkiçiltmə əməliyyatı keçirmisiniz. Əməliyyata görə peşman olmusunuz?

- Xeyr, peşman deyiləm. Çünki 164 kilo idim, sonra 130 kilo oldum. Hərəkət edə bilmirdim. Mədəkiçiltmə əməliyyatımın səbəbi yalnız arıqlamaq deyildi. Mədəmdə problem də vardı. Hazırda 83 kiloyam.

- Siz İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışırsınız. Yaxın günlərdə həmkarınız Sənubər İsgəndərli teatrların bağlı qalmasına etiraz etdi. Onun fikirlərini dəstəkləyirsinizmi?

- Akyor və aktrisalar səhnə üçün yaşayırlar. Hərə səhnədən ötrü darıxmasını bir cür biruzə verir. Biz onlayn məşqlər edirdik.

Aktyor səhnədə olmalıdır, amma pandemiyaya görə teatrların bağlı qalmasını istəyirlərsə, deməli, məsləhət belədir. Bizi qorumaq istəyirlər, biz də özümüzü qorumalıyıq.

- Bir müddət əvvəl maddi problemlərlə qarşılaşdınız. Hazırda vəziyyətiniz necədir?

- Bəli, Milli Onkologiya Mərkəzi hər şeyi təmənnasız edir. Kimyaterapiya çox xərc aparır. Mərkəzin rəhbəri Cəmil Əliyevin şəxsində xəstəxananın bütün heyətinə təşəkkür edirəm. Maddi vəziyyətimiz də şükür Allaha, normaldır. Dünya malında gözüm yoxdur, işləyirəm, seriallara çəkilirəm. Eləcə də televiziya və teatrda çalışıram.

- Mənzilinizin kreditini tamamilə ödəmisinizmi?

- Aparıcı Zaur Baxşəliyev sağ olsun, onun köməiyi ilə məsələni həll etdik.

- Dəstəyini gözlədiyiniz sənət dostunuz oldu?

- Mən kimdənsə xüsusi dəstək gözləmədim. Dəstək verəcək insanlar əsirgəmədilər. Maddi köməyə imkanı olmayanlar isə dua edirdilər. Sənət dostlarım da əllərindən gələni etdilər. Hər birinə təşəkkürüm var.

- Tünzalə xanım, bildiyimizə görə xərçəng xəstələrinə vaksin vurulmağa icazə yoxdur. Əgər icazə olsa vaksin vurdurarsınız?

- Bir ara eşitdim ki, vaksin vurdura bilərəm. Amma sonra dedilər ki, onkoloji xəstələrə vaksin vurdurmaq olmaz. Əgər məsləhət görsələr, əlbəttə ki, peyvənd elətdirəcəyik.

- Pandemiyadan sonra xınayaxdı mərasimlərinə getməyi düşünürsünüzmü?

- Allah toy qismət eləsin. İnşallah, xınayaxdı mərasimlərində məni görmək istəyən olsa, niyə də iştirak etməyim?

Foto: Ceyhun Rəhimov


Müəllif: Rəqsanə Həsənova