11 İyun 2022 13:08
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyevadan ayrılan fitnes məşqçisi Kənan Əliyev rejissor Nail Naiboğlunun yutubda yayımlanan "Qırmızı" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Kənan Əliyev Nail Naiboğlunun "Aybəniz Haşımovanın keçmiş kürəkəni kimi, yoxsa fitnes məşqçisi kimi daha çox tanınırsınız" sualına belə cavab verib: "Ailə quranda kiminlə və kimin qızı ilə evləndiyimi bilirdim. Mənim utanılacaq yerim yoxdur. Amma toydan sonra daha çox məşhurlaşdım".

Kənan Əliyev Aynişan Quliyeva ilə tanışlığından da danışıb: "Bir dəfə çalışdığım idman zalına gəlmişdi. Yarım saat məşq etdi. Zala ilk dəfə gəlirdi. Onu qiyabi tanıyırdım. Zalda yaxınlaşdım və o da səmimi qarşıladı. İdman məşqləri haqda bir az söhbət etdik. İlk baxışda onun səmimiyyəti, danışığı və enerjisi məni çəkdi. Zaman keçdi, danışmağa başladıq.

"Mən səni bəyənirəm" tipli danışığımız yox idi. Yaxud o da mənə elə sözlər demirdi. Bir də baxdıq ki, nişan mərasimimizin tarixi bəlli olub. Tam səmimi deyirəm ki, bizdə etiraf olmadı. Biz danışmadan bir-birini anlayan insanlar idik. Hərəkətlərimiz onu göstərdi ki, bir-birimizdən xoşumuz gəlir".

Fitnes məşqçisi "Aynişan Quliyevadan niyə ayrıldınız?" sualına cavabda deyib: "Heç kimin yanında ailəm, dostlarım olsun, bir kəlimə belə şəxsi həyatım haqda danışmamışam və danışmaq fikrim də yoxdur. Hər kəs haqqımızda nəsə danışır. Aynişanla oxşar xüsusiyyətlərimiz çox idi. Bəzən elə bilirdik ki, eyni insanıq. Bəzən xüsusiyyətlər insanı bir yerə qədər aparır. Amma xarakter bir az fərqlidir. Bizə dedilər ki, biriniz od, biriniz su olun. Biz də elə olduq və ona görə də ocağımız söndü".

Fitnes məşqçisi evliliyinin şou adlandıranlara da cavab verib: "Məni tanıyan hər kəs bilir ki, bu həqiqi toy idi. Aynişan xanımın da tanıyan insanlar bilir ki, toyumuz saxta ola bilməz".

"Yenidən müğənni ilə ailə qurarsınızmı?" sualı ilə bağlı Kənan Əliyev bildirib ki, bunu qabaqcadan proqnozlaşdırmaq olmur: "Ailə həyatı elədir ki, qarşına çıxacağın insanın kim olduğunu bilməzsən. Kimdir? Nəçidir? Hər şey ola bilər..."

Kənan Əliyev Aynişan Quliyevaya xəyanət etdiyi haqda iddialara da aydınlıq gətirib: "Bir müddət xəyanət haqda iddialar gündəm olmuşdu. Heç bir şayiələrə cavab vermədim. Mən necə xəyanət edə bilərəm!? Həyat yoldaşım və mən yetərincə tanınırıq. Mənim kiməsə yazıb, kiminləsə görüşmək şansım varmı? İstəsəm belə edə bilmərəm. Mən ailəmə heç kimlə xəyanət etməmişəm. Bir qıza yazmağına yazmışam, o zaman isə kiçik bir oyuna düşüb, yazmışam. Amma heç kim deyə bilməz ki, Kənan ailəli ola-ola kiminləsə görüşüb".

"Deyilənə görə, evliliyiniz pozulmasınada günahkar Aybəniz Haşımovadır" fikrinə Kənan Əliyev belə münasibət bildirib: "Əsla, biz elə bir insanlarıq ki, münasibətimizin arasına üçüncü şəxsin girməsi mümkün deyil. Aybəniz xanım da böyükdür, təbii ki, qızıdır, tövsiyələr verə bilər. Amma bu tövsiyələr bizi bir-birimizdən ayıracaq tövsiyələr olduğuna inanmamışam, inanmaram da. Kim istəyər ki, qızının ailəsi dağılsın?.."



Müəllif: Rəqsanə Həsənova