19 İyul 2022 23:18
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əhalinin bir qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılıb.

Teleqraf.com qarabağlı məşhurların təəssüratlarını təqdim edir:

Xalq artisti Aygün Bayramova deyib ki, sevincini dilə gətirməkdə çətinlik çəkir: "Hazırda daxilimdən elə bil duyğu keçir ki, bunu dilə gətirmək mümkün deyil. Şükür Allaha çox sevindirici qayıdışdır ki, Zəngilandan başladı. Tezliklə Şuşamıza, Ağdamımıza, Qubadlımıza, Cəbrayılımıza və digər şəhərlərimizə də köçək inşallah. İnsanlar öz yerlərinə, obalarına qayıtsın. Elə bir qarışıq hisslər keçirirk ki...Kədərli odur ki, insanlar dünyalarını dəyişiblər, buna üzülürük. Amma bu günümüzə şükürlər olsun ki, torpaqlarımızı azad etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi, ordumuzu, xalqımızı qorusun. Çox sevindiricidir".

Ağdamlı xalq artisti tezliklə doğulduğu Sarıhacılıya qayıtmaq arzusunu da dilə gətirib: "Ağdamda xalq artisti Arif Babayevlə qonşu idik. Bizim evdən baxanda Şuşanın dağları görünürdü. Sanki Şuşanın ətəyində idik. Hazırda orada quruculuq işləri gedir. Ağdamın mərkəzində 1 nömrəli məktəb var idi, ora yenidən tikilir. Eləcə də otel tikilir. Təbii ki, o yerləri görəndə insan dəhşətə gəlir ki, o boyda şəhəri necə dağıda bilərlər!? Hər yerə mina yerləşdiriblər. Amma insan abadlıq işlərini görəndə ürəyi açılır. Tezliklə doğma şəhərimizə köçmək istəyirik. 16 yaşıma qədər Ağdamda yaşamışam, orta məktəbi orada bitirmişəm. Tələbə vaxtlarımda da gedib gəlirdim. Amma 1993-cü ildən demək olar ki, hər şey məhv oldu. Amma bu günümüzə çox şükür. Gün o gün olsun ki, Ağdama köçmək haqda təəssüratlarımızı bölüşək".

Xalq artisti Nəzakət Teymurova xalqımızı təbrik edib: "Təəssüratlarım çox yüksəkdir. Bütün azərbaycanlıları təbrik edirəm! Şükür Allaha ki, qayıdış günlərimiz başladı. Bu, bir qarabağlı kimi məni də çox sevindirir. Arzu edirəm ki, bütün işğaldan azad olan torpaqlarımıza qayıdış olsun. Öz torpaqlarımıza qayıdışımız baş tutur. Bundan böyük xoşbəxtlik yoxdur. Bir az əvvəl kövrəldim ki, neçə illərdən sonra bu torpaqlarımıza gedirik. Öncə dövlət başçımız İlham Əliyevə təşəkkürümüzü bildirməliyik. Allah şəhidlərimizin ruhunu şad eləsin, hərbçilərimizə can sağlığı versin. Bir daha bu torpağa, el-obaya müharibə qismət olmasın. Ağdamlıyam və üç-dörd dəfə doğma torpağımızda olmuşam. Abadlıq işlərindən sonra inşallah el-obamıza qayıdacağıq. Bu, bizim ən böyük arzularımızdan biridir".


Xalq artisti Mənsum İbrahimov deyib ki, 30 il bu anı gözləyib: "Bu gün bu xəbəri eşidəndən sevincimizin həddi-hüdudu yoxdur. Artıq əhalinin bir hissəsi öz doğma torpağına, Qarabağa qayıdır. O qədər həsrət çəkmişik ki, torpağımız dağıdılıb, viran qoyulmuşdu. Ali Baş Komandamız İlham Əliyev, əsgərlərimiz sağ olsun, Allah qazilərimizə can sağlığı versin ki, onların sayəsində Qarabağı qaytarmışıq. Artıq quruculuq işləri başlayıb və əhalimiz mərhələ-mərhələ köçürüləcək. Xalqımızı, dövlətimizi təbrik edirəm. Məcburi köçkünlük həyatı yaşayan insanların hamısı öz el-obasına qayıtsın. Biz hamımız doğma torpağımıza gedək. Bu günümüzə şükür olsun, hamımızı təbrik edirəm. Gözümüz aydın olsun! Qardaşım oğlunun və bütün şəhidlərin ruhu şaddır. Qardaşım Şuşadan məcburi köçkün idi. Onlar da Şuşaya qayıtmaq gününü gözləyirlər. Qardaşım oğlu Laçında şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu şaddır, ona görə ki, torpaqlarımız azaddır. Qarabağımız, Şuşamız azaddır! Bundan gözəl nə ola bilər!? Bu günümüzə min şükür!".


Xalq artisti Almaz Orucova doğulduğu Zəngilanda ev tikəcəyini açıqlayıb: "Bir azərbaycanlı və zəngilanlı kimi mən də çox sevinirəm. İlk dəfə torpaqlarımıza qayıdış Zəngilandan başlayıb. Ən böyük uğur da buradan başlayıb. Dövlət başçımız İlham Əliyevlə, torpağımızla, xalqımızla qürur duyuram. Bütün xalqımız öz doğma torpaqlarına köçsünlər. Allah əsgərlərimizin, qazilərimizin canını sağ eləsin. Dünyasını dəyişən şəhidlərimizin ruhu şad olsun. O torpaqlarda şəhidlərimizin qanı var. Zəngilana prezidentin səfəri zamanı getmişdik. Ondan sonra bacım, qardaşım gedib. Evimiz Zəngilada Dağüstü parkın yaxınlığında yerləşir. Evimizə də getdim. O torpağın, ailənin, xatirələrimin, ata-anamın istiliyini aldım. O hissləri yaşadım,o xatirələrdən yalnız daş-divarlar qalıb. Mən də Zəngilana köçmək istəyirəm. Torpağımıza qardaşım qayıdacaq. Orada torpaq sahəmiz böyük idi. Qardaşıma deyirəm ki, torpağın bir hissəsindən verərsən, ev tikdirəcəm. O da gülür ki, harada istəyirsən, ev tik. Bütün zəngilanlıların və xalqımızın gözü aydın olsun!".









Müəllif: Rəqsanə Həsənova