Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla qısa müsahibəni təqdim edirik.
- Naidə xanım, mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsi, qazi Cavidan Kəsəmənlinin işə götürməməklə bağlı səslənən ittihamlar haqda nə deyə bilərsiniz?
- Teatra müraciət edən gəncləri normal qəbul edirəm və imkan daxilində onlara köməyimi əsirgəmirəm. Kimsə işlə bağlı müraciət edəndə, onu həmin dəqiqə işə götürürsünüz? Xeyr.
Vətən müharibəsi iştirakçıları da daxil olmaqla ümumlikdə hamıya əlimizdən gələn qədər kömək etməyə çalışırıq. Bizə istedadlı gənclər lazımdır, amma təkidlə yox. Biz də seçim aparmaq ixtiyarındayıq. Bunları normal müzakirə etmək olar.
Teatrımıza yeni baş rejissor təyin edilib - Mehriban Ələkbərzadə. Bu məsələlərə artıq o baxacaq, seçim edəcək. Mədəniyyət və İncəsənət Universitetini bitirən gənclər çoxdur. Sevindirici haldır ki, çoxlu sayda gənclər teatrımıza işləmək üçün müraciət edirlər. Amma hamını da işlə təmin etmək mümkün deyil. İstənilən müəssisənin seçim hüququ var. Bizim də o cümlədən...
- Cavidan Kəsəmənlini işə götürməməyinizin səbəbi nədir?
- O, müraciət edəndə teatrda yer və ştat yox idi. Teatrda kimlərsə təqaüdə çıxmalıdır ki, yer boşalsın. Bu kimi hallar teatrda uzun məsələdir. Bizim yeni siyahımız da var, kimləri qəbul edib, söhbət etmişik, kimləri gələcəkdə teatra götürə bilərik.
Teatrın cari iş planı var. Mədəniyyət və İncəsənət Universitetini bitirib müraciət edən isə çoxdur. Kimisə işə götürdünüz, məni işə götürmədiniz kimi qayda yoxdur, belə olmur axı. Cavidan Kəsəmənlini çox normal qəbul etmişik və demişik ki, imkan olduqca bu məsələyə qayıdacağıq. Yenə də truppalara baxırıq. Bunlar gələcəyin işidir.
Teatrın öz yaradıcılıq istiqaməti var, seçmək, işə götürmək hüquq var başqa təşkilatlar kimi. Biz özümüz də zamanında belə olmuşuq. İşlə təmin olmaq üçün müraciət etmişik. Kimisə qane etmişik, kimisə qane etməmişik. Bu, normal bir prosesdir. Zəng vururuq, dəvət edirik ki, gəlin sizi yoxlayaq. Baş rejissor da baxmalıdır və fikir söyləməlidir.
- Cavidan Kəsəmənlini işə dəvət edəcəksinizmi?
- O, bizə müraciət edər. Teatrımızın baş rejissoru var - Mehriban xanım, ona deyərəm görüşər, söhbət edər. Burada heç bir problem yoxdur. Amma bu o demək deyil ki, Cavidan Kəsəmənli sabah hansısa işlə təmin olunacaq. İmkan var, Mehriban xanım yoxlasın, həqiqətənmi çox istedadlı bir uşaqdır və nəsə edə bilərikmi... Bu, teatrdaxili məsələdir. Teatrda direktor tam hökmran deyil, baş resjissorla, kadrlar şöbəsi ilə məsləhətləşir.
Azərbaycanda Gənc Tamaşaçılar teatrı ölkədə yeganə teatr deyil, 26 teatrımız var. Başqa teatrlara da müraciət etmək olar.