Bu gün 50 illik yubileyini qeyd edən Əməkdar artist Dilarə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Dilarə xanım, doğum gününüzü necə qeyd edəcəksiniz?
- Doğum günümü xüsusi qeyd etmirəm. Yalnız doğmalarımla, ailə üzvlərimlə bir arada olacağıq. İlk təbriki ailə üzvlərimdən, eləcə də illərdir bizimlə çalışan əməkdaşımızdan, ümumilikdə əzizlərimdən, doğmalarımdan aldım.
- Özünüzü yubiley yaşınızda necə hiss edirsiniz?
- Özümü o yerə qoymuram, sevinib şənlənirəm...
- Gözəl və cavan qalmağınızın sirri nədədir?
- Xaraktercə hər şeydə gözəllik axtarıram, hətta çətinlik olanda belə daxilimdə bir işıq yanır ki, belə qala bilməz, düzəlməlidir, problemlər gəlib-keçicidir. Hər şeyə nikbin yanaşıram. İnsanları, həyatı sevirəm.
Həyatı, ətrafımı nə qədər sevsəm də, mənə doğma olan insanlarla vaxt keçirməyi daha üstün tuturam. Çünki öz xarakterimi bilirəm, rahat olmağı xoşlayıram. Rahat ola biləcəyim insanlarla danışıram, deyib-gülürəm. Ona görə də neqativlər mənə gəlmir. Çünki mənə xoş olan çevrədə vaxt keçirirəm.
- Həyat yoldaşınız Oqtay Əliyevin sizə sürprizi nə oldu?
- Oqtay müəllimin özü sürprizdir. O, iş ortasında belə məni güldürmək üçün nəsə edir. Mənim yumor hissimə bələddir. Bilir ki, məni nə əyləndirə bilər.
- Oqtay müəllimi çox ciddi insan kimi tanıyırıq.
- Bəli, çox ciddi insandır, yumor hissi də ciddidir. Onda olan yumor hissi bəlkə də çox insanda yoxdur. Məni heç kim güldürə bilmir, amma o, bunu bacarır. Bir də görürsən ki, çıxılmaz vəziyyətdə elə bir yumor danışır ki, gülməkdən gözümdən yaş gəlir. Qeyri-adi yumor hissi var, söhbəti göydə tutur. Çox hazırcavabdır.
- Oqtay Əliyev sizin üçün necə həyat yoldaşıdır? Ümumiyyətlə, qadın kimi xoşbəxtsinizmi?
- Mənə elə gəlir ki, ümumi ovqatıma baxanda Oqtayın necə həyat yoldaşı olması aydın görünür.
- Sizə sənətinizdə də dəstəkdir...
- Həqiqətən mənə çox dəstəkdir, həmişə yanımdadır. Bir-birimizə arxa-dayağıq. Gözəl atadır, babadır, anlayışlı həyat yoldaşıdır. Mənim eləmək istədiklərimi anlayandır. Emosionaldır, amma qəlbi çox təmizdir. Çox incə ruhludur, düşüncəlidir.
Həqiqətən Oqtay müəllim həyatımın hədiyyəsidir. Mənə dəstək olmasaydı, bəlkə də bu yerə çıxa bilməzdim.
- Sizə hər hansı qadağası varmı?
- Bu barədə mənə tamamilə arxayındır. Heç vaxt mənə irad bildirməyib ki, bunu geyinmə. Amma mənim də öz çərçivələrim var. Elə geyimlər var ki, heç vaxt geyinmirəm və geyinmərəm. Yaxın günlərdə evliliyimizin 30 illiyi tamam olacaq. Bir-birimizi tanıyırıq. Bir-birimizi bir baxışdan anlayırıq.
Arada anlaşılmazlıqlarımız da oldu, amma onun öhdəsindən gəlməyi bacardıq. Məsələn, deyir ki, filan işi belə edək, deyirəm, başqa cür edək. Hərdən mən, hərdən o haqlı çıxır...