Xalq artisti Fəxrəddin Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Xankəndidə Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Bu tarixi günlə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Bu gün mənim üçün xoşbəxtliyin heç bir ölçüsü yoxdur, bu hiss yalnız məndə deyil, bütün Azərbaycan xalqında belədir. Millətimiz sevincli və qürurludur. Bu sevinc hissinin ölçüsü ola bilməz. Cənab Prezidentimiz İlham Əliyev deyirdi: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm". Biz bunu yaxın günlərdə təkrar gördük. Belə gözəl və xoşbəxt günü bizə bəxş elədi. Hazırda danışarkən qəhər məni boğur, əlbəttə ki, bu qəribə və möhtəşəm bir sevincdir. Belə sevinc hissi hər millətdə, hər bir xalqda əsrlərlə yaşanmır. Ali Baş Komandanımız İlham Əliyevin yaratdığı ordu bu gün dünyada güclü, zəfər qazanan ordulardan biridir. Bu güclü ordunun başında duran yalnız Prezidentimiz İlham Əliyevdir. Mən hər səhər gözümü açanda fikirləşirəm və deyirəm: Allahım, nə yaxşı ki, bizim başımızın üstündə duran böyük bir rəhbərimiz var. Nə yaxşı ki, belə bir dövlətdə yaşayıram.
Bütün dünyada nə qədər müharibələr var, nə qədər qaçqınlar var. Onlar ora-bura qaçırlar. Aamma biz sabahımızı günəşlə açırıq, Ali Baş Komandanımız İlham Əliyev, ordumuz başımızın üstündədir. Ölkəmizdə firavan yaşayırıq. Bütün ümidimiz, inamımız məhz Ali Baş Komandanımız, cənab prezident İlham Əliyevədir. Belə bir şəxsiyyəti Allah bizə bəxş elədi. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin! Allah cənab Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailəsinin canını sağ eləsin. Yaratdıqları ordumuzu Allah qorusun. Allahdan şəhidlərimizin rəhmət, qazilərimizə can sağlığı, şəfa diləyirəm. Biz doğrudan da çox xoşbəxt millət və xoşbəxt dövlətik. Çox böyük bir dövlətdə yaşayırıq. Bütün Azərbaycan xalqını təbrik edirəm. İlk növbədə əlbəttə ki, cənab Prezidentimiz İlham Əliyevi, ordumuzu təbrik edirəm.
- Dünyaya göz açdığınız Xankəndiyə nə zaman gedəcəksiniz?
- Nə zaman mənə əmr gəlsə, həmin gün Xankəndindəyəm!