Yer kürəsinə yaxın bir orbitdə olan Apofisin qarşıdakı 50 ildə dünyaya çırpılmaq ehtimalı az olsa da, belə bir hadisənin baş verəcəyi gözləntisi də istisna edilmir.
Teleqraf.com xəbər verir ki, nəhəng asteroidi yaxından izləyən astronomlar Apofisin sürətinin son zamanlarda artdığını və 2068-ci ildə bu sürətin zərbəyə çevrilə biləcəyini söyləyirlər.
Hələlik isə bu ehtimal aşağıdır. Əvvəlki hesablamalarda elm adamları Apofisin 2068-ci ildə dünyaya çırpılma ehtimalını təxminən 150.000-dən 1 faiz kimi izah etmişdilər. İndi bu ehtimalın bir az daha artdığı deyilir. Ancaq ehtimal hələ də çox azdır. Narahat olmağa əsasın olmadığı bildirilir.
Havay Universitetinin astronomu David Tolen Apofisi ilk dəfə kəşf edəndə, 2068-ci ildə çarpılma ehtimalının sıfıra bərabər olduğunu demişdi. Ancaq bu hesablamalar Günəşin enerjisini nəzərə almamışdı. 2068-ci il üçün təsir ssenarisi hələ də qüvvədədir.
Apofis asteroidinin 2029-cu ildə Yer kürəsinə çox yaxın məsafədən keçəcəyi gözlənilir. Keçən il verilən açıqlamada Apofisin 2029-cu ildə Yerə 30 min kilometr yaxınlaşacağı bildirilmişdi. 30.000 kilometr - qeyri-adi dərəcədə yaxın bir məsafədir, xüsusilə Apofis kimi nəhəng bir asteroid üçün. İndiyədək dünyaya 30 min kilometrə yaxın məsafədən keçən asteroidlər 5-10 metr enində - çox kiçik ölçülərə malik olublar. Bu səbəbdən 2029-cu ildə Apofisin keçidi astronomiya dünyası üçün çox vacib olacaq.
2004-cü ildə kəşf edilən Apofis asteroidinin eni 340 metrdir. Alimlərin verdiyi açıqlamaya görə, Apofisin Yerə çırpılması 880 milyon ton TNT partlayışına bərabər bir enerji yaradacaq. Söhbət Hirosima nüvə fəlakətindən 65 min dəfə böyük partlayışdan gedir.