20 İyul 09:32
3 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakıya səfər edən və Avropa İttifaqı (Aİ) adından Azərbaycanla enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum imzalayan Ursula fon der Leyenin kimliyi sosial şəbəkənin Azərbaycan seqmentində ciddi müzakirə mövzusuna çevrilib.

Bir çox istifadəçilər 7 uşaq anası olan xanım Leyenin siyasi karyerası haqqında fərqli fikirlər işlədiblər. Milliyətcə alman olan Ursula fon der Leyen hazırda Avropa Komissiyasının prezidenti və bu postu tutan ilk qadındır.

Teleqraf.com bu siyasətçiyə olan marağı nəzərə alaraq onun dosyesini təqdim edir.

Leyenin atası Avropa Komissiyasında Rəqabət üzrə Baş Direktorluğun rəhbəri vəzifəsindən işlədiyi üçün siyasi karyera baxımından parlaq olub. O 1958-ci ilin 8 oktyabrında Belçikanın paytaxtı Brüsselin İxelles rayonunda doğulub. Daha sonra ailəsi (1971) Honnover yaxınlığındakı Lerte şəhərinə köçməli olub.

Ursula fon der Leyen Lertedəki gimnaziyanı bitirdikdən sonra təhsilini 1977-ci ildə Göttingen və Münster universitetlərində davam etdirib və burada iqtisadiyyat üzrə təhsil alıb. 1978-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dərslərdə iştirak edib. O, Hannover Tibb Məktəbində tibb təhsili alıb, 1987-ci ildə dövlət imtahanı və həkim kimi aprobasiya ilə bitirib.

1988-1992-ci illərdə Hannover Universiteti Xəstəxanasının ginekoloji şöbəsində köməkçi həkim vəzifəsində çalışıb. 1991-ci ildə təhsilini başa vurduqdan sonra Ursula fon der Leyen tibb elmləri doktoru olmaq üçün dissertasiya müdafiə edib. 1992-ci ildən 1996-cı ilə qədər o, ailəsi ilə birlikdə Kaliforniyanın Stanford şəhərində yaşayıb. Bu müddət ərzində onun həyat yoldaşı Heiko fon der Leyen Stanford universitetində professor vəzifəsində çalışıb.

Yeri gəlmişkən, xanım Leyen 1980-cı illərin ortalarında genetik mühəndisliyi texnologiyasını inkişaf etdirən “Orgenesis Inc” şirkətinin tibbi direktoru olan tibb professoru Heiko von der Leyen ilə evlidir.

Cütlüyün yeddi övladı var: Devid Ekter 1987-ci ildə doğulub. Sofi Şarlotta 1989, Mariya Donata 1992, əkizlər Viktoriya Ursula və Johanna Gertrude 1994, Eqmont Ulrix 1998 və Qrasiya Diotima 1999-cu ildə doğulub.

1998-2002-ci illərdə Hannover Tibb Məktəbində Epidemiologiya, Sosial Təbabət və Səhiyyə Tədqiqatları Departamentində müəllim işləyən xanım Leyen 2001-ci ildə İctimai Səhiyyə üzrə magistr dərəcəsi alıb. O, ana dilindən əlavə fransız və ingilis dillərini mükəmməl öyrənib.

Leyen 1990-cı ildə siyasətə qoşulub və Xristian Demokratik İttifaqında təmsil olunub. 2003-cü ildə Aşağı Saksoniya parlamentinə seçilib. 2003-2005-ci illərdə Kristian Vulf kabinetində Aşağı Saksoniya əyalətində Sosial Məsələlər, Qadın İşləri, Ailə İşləri və Səhiyyə Naziri olub. 2005-ci ildə Angela Merkelin kabinetində Ailə, Qocalar, Qadınlar və Gənclər üzrə federal nazir təyin edilib.

2009-cu ildə keçirilən federal seçkilərdə Bundestaqın deputatı seçilib. Həmin ilin noyabrından Merkel hökumətində Əmək və Sosial Məsələlər naziri vəzifəsini tutub. Merkel hökumətində 2010-cu il seçkilərində Almaniya prezidentliyinə əsas namizəd hesab edilsə də, son nəticədə Kristian Vulfu irəli buraxıb.

2013-2019-cu illlərdə Almaniya tarixində ilk qadın müdafiə naziri də Ursula fon der Leyen olub.

Leyen Almaniyada aparıcı fiqur olduqdan sonra xərçəng xəstəliyini daima gündəmdə saxlayıb. Buna səbəb isə Brüsseldə yaşayarkən, kiçik bacısı Benita-Evanın on bir yaşında xərçəngdən ölməsi olub. Bu olay onu xərçəngi hökumətinin diqqət mərkəzində saxlamağa ruhlandırıb.

2019-cu ilin 2 iyulunda Leyen Avropa Komissiyasının sədri vəzifəsinə namizəd kimi təklif edilib. 16 iyulda seçkilərdə qalib gələrək bu posta seçilib. Səsvermə zamanı təmsil etdiyi Almaniya bitərəf qalıb. Leyen bu vəzifədə çalışan ilk qadın və komissiyanın ilk prezidenti Valter Hallşteyndən sonra ilk almandır. Seçildikdən sonra 31 iyulda Almaniya Bundestaqındakı kreslosundan istefa verib.

Bununla belə, Avropada xanım Leyenin bölücü kimi qəbul olunduğuna dair iddialar var. Onun özü bir sıra qalmaqallı yanaşmalarla tanınır.

Son illər onunla bağlı ən qalmaqallı diplomatik olay Ankarada yaşanıb. Bir neçə il əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə birlikdə Türkiyəyə səfər edərkən məlum olub ki, prezident Ərdoğanla üz-üzə oturmaq üçün yalnız bir masa qoyulub. Bu masada ya Şarl Mişel, ya da Ursula fon der Leyen əyləşməlidir. Həmin vaxt kənara çəkilərək divanda əyləşən Leyen olayı böyütməyib. Əslində isə Şarl Mişeli prezident Ərdoğanla müzakirəyə tək buraxmaqla uğursuz səfərə görə də, məsuliyyətin onun üzərində qalmasına çalışıb.

Böyük siyasi yol keçən və hazırda karyerasının zirvəsində olan Ursula fon der Leyen son aylar Ukraynaya ardıcıl dəstək verməklə gündəmə gəlib, iki dəfə Kiyevə səfər etməklə nadir alman siyasətçisi kimi ukraynalıların hörmət və sevgisini qazanıb.


Müəllif: Nemət