20 Yanvar 2016 14:51
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Şurasının sədri Əjdər Ağayev: “Bu, ölkə rəhbərliyinin təhsil işçilərinə qayğısının göstəricisidir”

Yanvarın 18-də Prezident yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə ölkə başçısı İlham Əliyev bir sıra mühüm mesajlar verdi, tezislər səsləndirdi. Əhalinin sosial müdafiəsi məsələlərinin daim diqqətdə saxlanacağını deyən Prezidentin sözlərinə görə, son illər aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq olub.

Pensiyaların və əmək haqlarının 10 faiz qaldırılmasının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addım olduğunu vurğulayan ölkə başçısı bildirib ki, neftlə zəngin ölkələrin, neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində maaşların artırılması müşahidə edilməyib.

Əmək haqlarının artırılması üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəyini qeyd edən ölkə başçısı il ərzində bu məsələyə yenidən baxılacağını da istisna etməyib.

Xatırladaq ki, Prezidentin müvafiq fərman və sərəncamları ilə ölkədə əmək pensiyalarının baza məbləğləri, həmçinin bir sıra sosial müavinətlər 10 faiz artırılıb. İqtisadçı ekspertlər hesab edirlər k, bu artım keçən ilki bahalaşma səviyyəsi və real dolanışıq vəziyyətinə artan təzyiqi kompensasiya edə bilməsi baxımından irəliyə doğru mühüm addımdır.

Ölkə başçısının əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya aiddir. Söylənilən 10 faiz artım rəqəmi bəzi pensiyaçılar üzrə daha böyük məbləğdə ifadə olunacaq. Minimum isə baza məbləğləri 10 manat artacaq.
Yeri gəlmişkən, gözlənilir ki, əmək pensiyalarının həm də sığorta hissəsinin keçən ildəki inflyasiya səviyyəsinə uyğun olaraq hər il olduğu kimi indeksləşdirməsi də həyata keçiriləcək. Bu haqda Prezident İlham Əliyev hər il ayrıca sənəd imzalayır.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.
Fonddan həmçinin bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu yanvar ayının 15-nə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb və “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Prezidentin Sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşmaq üzrədir.

Millət vəkili Musa Quliyev bildirir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə, ümumdünya maliyyə böhranının genişlənməsinə baxmayaraq Azərbaycan dövləti əhalinin sosial müdafiəsini həmişə öz daxili siyasətinin prioritet istiqaməti kimi görür və əhalinin sosial müdafiəsi həmişə diqqət mərkəzində qalacaq.

Manatın devalvasiyası ilə əlaqədar ölkədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün Prezidentin bir sıra sərəncam və fərmanlarını xatırladan millət vəkilinin sözlərinə görə, bunlar ölkədə sahibkarlığı inkişaf etdirmək, biznes mühitini yaxşılaşdırmaq, korrupsiyanın qarşısını almaq və monopoliyanı aradan qaldırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “Cənab Prezident bununla yanaşı, kiçik və orta biznesi inkişaf etdirmək, aztəminatlı əhalinin sosial rifah halını yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirib. Bunun əyani nümunəsini 3 gün bundan öncə gördük.

Müavinətlər, pensiyalar, ardınca büdcədən maliyyələşən təşkilatlarda çalışan əksər qrup insanların əməkhaqları artırıldı. Cənab Prezident də söylədi ki, sosial müdafiə tədbirləri davamlı olacaq, ola bilsin, qabaqkı dövrdə yenə də artımın şahidi olacağıq. Bu da ondan xəbər verir ki, Azərbaycan Prezidenti daim əhalinin sosial müdafiəsini öz diqqətində saxlayır".

Millət vəkili onu da vurğuladı ki, devalvasiya baş verən başqa ölkələrdə belə tədbirlər həyata keçirilmir: “Yəni bir tərəfdən devalvasiya ölkənin iqtisadiyyatına xeyli ziyan vurur, eyni zamanda, iqtisadi çətinliklər qarşısında qalan dövlət bir tərəfdən də əmək haqları, pensiyaları, müavinətləri artırırsa, bu, əlavə büdcə risklərdir. Buna baxmayaraq, cənab Prezident Azərbaycan əhalisinin sosial müdafiəsini hər şeydən üstün tutur”.

Musa Quliyev hesab edir ki, dünən Milli Məclisin sessiyasında qəbul olunan çox mühüm qanunların köməyi ilə də qısa müddət ərzində Azərbaycanda maliyyə-iqtisadi situasiya sabitləşəcək, manatın devalvasiyasından yaranan psixoloji gərginlik arxada qalacaq: “Artıq biz yaranmış vəziyyətə adaptasiya dövrünü yaşayırıq, yəqin ki, yaxın gələcəkdə iqtisadi inkişafın da şahidi olacağıq. Ümumiyyətlə, bütün dünyada olduğu kimi 2016-cı il bizə də çətin il kimi görünür, amma bizim böhran təcrübələrimiz var, 90-cı illər və 2000-ci illərin əvvəlləri ilə müqayisədə Azərbaycan çox böyük potensiala malikdir. Biz bu potensialdan da istifadə edərək ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcəyik. Prezidentin son sərəncamları da göstərdi ki, Azərbaycan dövləti yenə də xalqının yanındadır, sosial proqramlar hamısı yenə də icra ediləcək və əhalinin sosial müdafiəsi möhkəm şəkildə təmin olunacaq”.

Prezidentin imzaladığı son sərəncamlar sırasında təhsil işçilərinin də əməkhaqlarının artırlması nəzərdə tutulub. Azərbaycanın 12 bölgəsinin - 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlərin əməkhaqlarının artırılması üçün də dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitinin məbləği açıqlanıb.

Təhsil Nazirliyi maliyyə şöbəsinin müdiri Rauf Orucov bildirib ki, bu məqsədlə dövlət büdcəsindən cari il ərzində əlavə olaraq 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Müəllimlərin maaşının arıtırılmasının onların sosial durumuna təsirini qiymətləndirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev hesab edir ki, təhsil sektorunda maaşların artacağı gözlənilən idi: “Həm diaqnostik qiymətləndirmədən keçən, həm də keçməyəm müəllimlərin maaşı artacaq. Bir sıra xidmət və məhsulların qiymətlərinin artdığı dönəmdə maaşların qaldırılması zəruri idi. Bu, ölkə rəhbərliyinin təhsil işçilərinə göstərdiyi qayğının göstəricisidir. Başa düşürəm ki, maaş artımı dövlət büdcəsinə çox baha başa gəlir, amma müəllimlərin maddi durumunu nəzərə almaq vacibdir. Yəqin ki, büdcənin formalaşmasında iştirak edən dövlət qurumları büdcədə yarana biləcək problemləri həll edəcəklər”.

Əjdər Ağayev hesab edir ki, təhsil işçilərinin maaş artımı bundan sonra da davam edəcək: “Keyfiyyətli təhsil istəyiriksə, mütləq müəllimlərin sosial durumunu yaxşılaşdırmalıyıq. Müəllim maddi sıxıntı çəkməməlidir və dərsdə sosial problemlər haqqında düşünməməlidir. Onun bütün fikri dərsdə, təhsildə olmalıdır. Təhsilin səviyyəsini yalnız belə yüksəldə bilərik”.


Müəllif: