Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oqtay arasında Qurban bayramı münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, Ə.Əsədov məktubunda F.Oqtay və qardaş Türkiyə xalqını dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Ə.Əsədov F.Oqtaya möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına bol ruzi və xeyir-bərəkət arzulayıb.
Türkiyənin vitse-prezidenti Fuat Oqtay məktubunda Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq tellərindən güc alaraq inkişaf edən ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsi istiqamətində iki ölkənin hökumətləri arasında mövcud olan həmrəyliyi yüksək qiymətləndirib.
F.Oqtay Türkiyənin qardaş Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək istiqamətində qətiyyətli mübarizəsini bundan sonra da dəstəkləyəcəyini deyib.
“Bu məsələ ilə əlaqədar qərarlığımızı can Azərbaycana qarşı son günlərdə edilən hücumlar zamanı da dünyaya elan etdik”, - deyə Türkiyənin vitse-prezidenti bildirib.
F.Oqtay Baş nazir Əli Əsədova möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzulayıb.