Prezident İlham Əliyev 2020-ci il iyulun 17-də Bakıda Macarıstanla imzalanmış iki anlaşma memorandumunu və bir sazişi təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərmanlar imzalayıb.
Birinci fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında” Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
İkinci fərmana görə, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Üçüncü fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında” Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
İyulun 17-də Bakıda imzalanmış hər üç sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Macarıstan Hökumətinə bildiriş göndərməlidir.