29 İyul 2023 13:55
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radiotezliklərin ayrılması haqqında qərarın hansı hallarda ləğv ediləcəyi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Dəyişikliklə qərarın 2.35-ci bəndi yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən radiotezliklərin ayrılması haqqında qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv ediləcək:

1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 (bir) ay müddətində radiotezlik istifadəçisi tərəfindən DRİ ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 (iki) il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 (üç) ay müddətində istifadə edilmədikdə.

Dəyişiklikdən əvvəl isə qərarın 2.35-ci bəndi belə idi: "İstifadəçilər tərəfindən radiorabitə vasitələrinin istismarı şərtlərinin pozulması faktları (bu faktlar avadanlığın texniki kənaraçıxmaları ilə əlaqədar baş verdiyi halda da) aşkar edildikdə, həmin avadanlıqların istismarına DRİ tərəfindən verilən "icazə"lərə məhdudiyyət qoyulur və ya onlar ləğv edilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər