Cənubi Koreya Respublikasının Prokurorluğu Prezident Yoon Seok Yeolu dindirməyə çağırsa da, o, ifadə verməyə getməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanı çağırış vərəqəsini dekabrın 11-də göndərib və dekabrın 15-də yerli vaxtla saat 10-da Seul Mərkəzi Rayon Prokurorluğunda görüş təyin edilib. Prokurorlar bazar ertəsi daha bir çağırış vərəqəsi verməyi planlaşdırırlar.
Dekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Seok Yeola qarşı impiçment elan edib. Bu, onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib. İndi Konstitusiya Məhkəməsi prezidentin impiçmentinin təsdiqi və ya vəzifəsinin bərpası ilə bağlı qərar verməlidir.
Xatırladaq ki, dekabrın 12-də Yoon Seok Yeol istər impiçment prosedurları, istərsə də konstitusiya quruluşuna qarşı üsyan şübhəsi ilə bağlı araşdırmalar olsun, bütün hallarda sona qədər mübarizə aparmaq niyyətində olduğunu söyləyib. Cənubi Koreya qanunvericiliyi qiyama və dövlətə xəyanət hallarında vəzifədə olan dövlət başçısının mühakimə olunmasına icazə verir.