Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” 8 dekabr 2023-cü il tarixli Qanunun tətbiqi barədə fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti ölkə qanunlarının və prezident aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib prezidentə məlumat verməlidir:
- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 5.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələblər;
- həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, icra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi;
- Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla, həmin Qanunun 23.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblər;
Bundan başqa, hökumət bir ay müddətində həmin Qanunun 6.2-ci maddəsinin üçüncü cümləsinə və 6.6-cı maddəsinə uyğun olaraq, ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib dövlət başçısına məlumat verməli, həmin Qanunun 27.1.1-ci maddəsinə uyğun olaraq, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyindən 3 nəfər və Maliyyə Nazirliyindən 2 nəfər nümayəndə daxil olmaqla, 5 üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
“Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tətbiqi ilə bağlı qəbul ediləcək prezident aktları, Nazirlər Kabinetinin normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minə bilməz. Qanunların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınmalıdır.
***
Qida obyektlərinin (obyektlərin) və qida subyektlərinin qeydiyyatı proseduru müəyyənləşib.
Bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydasında qeyd edilib.
Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (“Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda göstərilən qida obyektləri və bu Qaydaya 2 nömrəli əlavədə göstərilən qeydiyyatı tələb olunmayan qida obyektləri və subyektləri istisna olmaqla), qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı ilə bağlı ərizədə və müvafiq sənədlərdə uyğunsuzluq və ya çatışmazlıq aşkar edilmədikdə, həmin qida obyekti (obyekt) və ya qida subyekti Agentlik tərəfindən ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən qeydiyyata alınır.
Qeydiyyataalınmadan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda imtina edilir. İmtina barədə qərar imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Qeydiyyatdan imtina olunması ilə bağlı Agentliyin müvafiq qərarı qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir. Ərizəçi imtina haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınmış qida obyektinə, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektə qeydiyyat nömrəsi verilir, Reyestrə daxil edilir və Reyestrdən elektron və ya kağız formada çıxarış Agentlik tərəfindən ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınan qida obyektlərinin (obyektlərin) və qida subyektlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu dövlət nəzarəti tədbirləri çərçivəsində qiymətləndirilir.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu təsdiqləyib.
Sənədi Milli Məclis dekabrın 22-də ratifikasiya edib.