3 Dekabr 2020 19:11
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT Nazirlər Şurasının iclası çərçivəsində birgə bəyanat yayıb.

Teleqraf.com ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin birinci müavini Stefen Biqan və Fransanın Avropa və Xarici İşlər naziri Jan İv le-Drien Azərbaycan Respublikası Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidentinin 2020-ci il 9 noyabr tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ərazisində hərbi əməliyyatların dayandırılmasını alqışlayıblar.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə əvvəlki atəşkəs öhdəliklərində olduğu kimi, noyabrın 10-da qəbul olunan bəyanata uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır.

Həmsədr ölkələr Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla razılığa gələrək hərbi əməliyyatların yenidən başlanmamasına zəmanət vermək üçün gördüyü tədbirlərin əhəmiyyətini vurğulayırlar. Ayrıca, bütün xarici muzdluların bölgəni tam və sürətli şəkildə tərk etmələrini tələb edir, bütün tərəfləri bu gedişi asanlaşdırmağa çağırır.

Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də hərbi əsirlərin mübadiləsi və cəsədlərin qaytarılması ilə bağlı öhdəliklərini xatırladır.

Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayırlar.

Onlar Dağlıq Qarabağda və onun ətrafında tarixi və dini irsin qorunmasının vacibliyini vurğulayırlar. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahədəki öhdəliklərini yerinə yetirmək və humanitar girişi təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırır.

Bu ölkələr BQXK, BMT təsisatlarına və digər müvafiq strukturlara, eləcə də ATƏT-in Minsk Qrupunun ayrı-ayrı ölkələri də daxil olmaqla beynəlxalq birliyə Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün koordinasiyalı şəkildə konkret addımların atılması üçün müraciət edir.

Həmsədr ölkələr, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının davamlı işinə güclü dəstək verdiklərini bir daha bəyan edirlər.

Onlar Ermənistanı və Azərbaycanı həmsədrlərin himayəsi altında davamlı və dayanıqlı sülh razılaşması üçün mövcud atəşkəsdən istifadə etməyə çağırır. Bu kontekstdə həmsədr ölkələr tərəfləri həmsədrləri fürsət yaranan kimi ən tez zamanda bölgədə qəbul etməyə və həll olunmamış bütün məsələlərin razılaşdırılmış cədvələ uyğun olaraq həll edilməsi üçün substantiv danışıqlara başlamağa çağırır.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri mübahisələri həll etmək üçün güc tətbiq edilməməsi və ya təhdid edilməməsinə dair götürdükləri qətiyyətli öhdəlikləri xatırladır. Bəyanat müəllifləri münaqişənin qalan bütün əsas substantiv məsələlərinin həm Ermənistan, həm də Azərbaycanın yaxşı bildiyi əsas prinsip və elementlərə uyğun olaraq danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həlli üçün ardıcıl və vahid mövqelərini bir daha vurğulayır. Həmsədr ölkələr bölgədə sülhü, sabitliyi və rifahı təşviq etmək üçün uzun illərdir davam edən səylərinə uyğun olaraq bu hədəfi reallaşdırmağa sadiq qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər