22 May 2021 21:37
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin edib. Hazırda sərhədlər boyu Azərbaycan hərbçiləri yerləşdirilir və Ermənistanla sərhədlər müəyyənləşdirilir. Bu gün biz gələcəyə baxmalıyıq. Azərbaycan Qarabağın yenidən qurulmasına və soydaşlarımızın oraya qaytarılması üçün böyük qayıdış planına başlayıb. Bu proqram sürətlə icra edilir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı Ermənistanda hələ də revanşist fikirlərlə yaşayan və qisas almaq istəyən təhlükəli qüvvələr var:

“Təbii ki, məsələnin bu məcrada inkişaf etməməsi, Ermənistanın haqq yoluna gəlməsi üçün müəyyən təzyiqlər olunmalıdır. Bunu da ən yaxşı edə biləcək dövlət ABŞ-dır. Dünyanın ən güclü dövləti olan ABŞ demokratiyanın, sülhün carçısı kimi özünü təqdim edir. ABŞ-ın yeni rəhbərliyi Azərbaycan və Ermənistan arasında gələcək münasibətlərin formalaşması və regionda daimi sülhün olması, Ermənistanı öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı müəyyən təzyiqlər edə bilər. Yaxud da bu ölkəyə həqiqətləri başa sala bilər. Düşünürəm ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bu missiyanı öz üzərinə götürməlidir.

Rusiya lazımi işi görüb və görməkdədir. Rusiya sülhməramlıları bölgədədir. Ancaq münasibətlərin yaxşılaşdırılması, dostluq münasibətlərinin inkişaf etdirilməsi, regiondakı kommunikasiyaların açılması, bərpası və ümumiyyətlə, regionun gələcək inkişafı baxımdan ABŞ da öz öhdəliklərini anlamalıdır. ABŞ bu prosesə öz gücünü sərf etməli və xidmətlərini təqdim etməlidir. Azərbaycan regionda daimi sülhün bərqərar olması üçün lazımi işləri görüb. Ancaq bu gündən sonra qarşı tərəf lazımi addımlar atmalıdır. Prezident İlham Əliyevin çıxışı zamanı bu məsələlərə toxunması məqsədyönlüdür. Biz istəyirik ki, ABŞ bu məsələdə düzgün mövqe tutub sülhü dəstəkləsin”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər