1 Sentyabr 2022 13:47
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur. Avropa İttifaqı Qarabağın minalardan təmizləməsi işinə dəstək olmaq niyyətindədir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan prosesin irəli aparılmasında Avropaya etimad göstərirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Brüsseldə keçirilən sonuncu görüş bir sıra vacib məqamlar ilə fərqlənib: “Tərəflər sülh müqaviləsinin hazırlanması üçün daha sistemli razılığa gəldilər. Hətta xarici işlər nazirlərinin 1 ay ərzində görüşməsi və mətnin ilkin formasının üzərində işləməsi də razılaşdırıldı. Bu kifayət qədər vacib razılaşmadı. Qafqaz heç zaman dayanıqlı sülhə bu qədər yaxın olmayıb. Qeyd edim ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir.

Bəyanatda minadan təmizləmə və itkin düşənlərlə bağlı məsələlər də xüsusi qeyd olunur. Avropa İttifaqı həmçinin Qarabağın minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki səylər Brüssel tərəfindən dəstəklənir və ittifaq bu məsələdə aktiv olmaq niyyətindədir. Aydındır ki, Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir”.

Vüqar Bayramov hesab edir ki, son Brüssel görüşü məsələlərin həllinə ən çox dəstək ola biləcək qurumun məhz Avropa İttifaqı olduğunu təsdiq edir: “Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan prosesin irəli aparılmasında Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.

Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur. “Qarabağ münaqişəsi” və hətta "münaqişə" sözlərinin bir dəfə də işlədilmədiyi son bəyanat artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər