19 Dekabr 2023 20:39
10 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Moskvanın Qarabağla bağlı məqsədlərinə diqqət çəkib:

“Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin də iştirak etdiyi Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, rus sülhməramlıları “Qarabağda sülhün əsası və qarantı” olmaqda davam edir. Onun sözlərinə görə, gələn il Rusiya hərbi kontingentinin qarşısında “Qarabağda sülhün və sabitliyin qorunması“ vəzifəsi qoyulub.

Ziddiyət var. Qarabağda sülh bərpa edilib, Azərbaycanın kənar “qarant”a ehtiyacı yoxdur. Buna baxmayaraq, Kremlə elə gəlir ki, ehtiyac olmadığı halda Rusiya sülhməramlıları Qarabağı tərk etməməlidir. Ancaq Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir.

Rusiya Müdafiə Nazirliyindən fərqli bir açıqlama da verilib. Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir. Görünür, Kreml sühməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib. Çünki rusiyalı hərbçilərin Qarabağda başqa məşğuliyyəti qalmayıb”.

Elxan Şahinoğlu qeyd edib ki, Qarabağda minaları təmizləmək üçün uzun illər lazımdır:

“Deməli, Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər. Azərbaycanda minaların təmizlənməsiylə ANAMA məşğuldur. Bu qurum minaların təmizlənməsinə yerli vətəndaşları cəlb edib, onlara aylarla xüsusi kurs keçilir. Bu səbəbdən minaların təmizlənməsində təcrübəsi olmayan rusiyalı hərbçilərin bu fəaliyyətlərdə Azərbaycana necə yardımçı olacaqları sual doğurur.

Azərbaycan Qarabağın minaların təmizlənməsində ölkəmizə dəstək verən, avadanlıqlar göndərən, təcrübəsini bölüşən hər ölkəyə və təşkilata minnətdardır. Rusiya da bu işdə Azərbaycana yardımçı olarsa, dəstəyə görə minnətdar olarıq, sadəcə bu işə sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəsisislərin Azərbaycana göndərilməsi faydalı olardı.

Rusiya sülhməramlılarının Azərbaycanda qalmalarının gərəkliyini dəstəkləyən yerli ekspertlər arasında belə bir fikir də var ki, onlar Qarabağı tərk etsələr, bölgədə Fransa, ABŞ və ya beynəlxalq təşkilatlardan birinin sülhməramlıları daxil ola bilərlər ki, bu, Azərbaycanın maraqlarına ziddir. Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın silahlı qüvvələri Qarabağa daxil ola bilməz. Rusiya sühməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər