Bu sözləri Teleqraf.com-a yeni təqdim olunan “Nazlı” romantik komediya filminin rejissoru Rəhman Rafiqoğlu deyib. O, filmdə açıq-saçıq səhnələrin olmadığını da diqqətə çatdırıb:
“Ona görə də istəyirəm filmə uşaqlar da baxsınlar”.
Film Nazlı adlı müasir xanımın şəhərdən uzaq, ucqar bir kənddə başına gələn hadisələrdən bəhs edir.
“Mən bəzən cavanlara baxanda çox əsəbiləşirəm. Onlar kitab oxumurlar, pis vərdişlərə meyillənirlər. Filmimin qəhrəmanı - Nazlı çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir. Məqsədim film vasitəsilə gənclərimizə Nazlı kimi olmamağı təlqin etməkdir”.
Filmdə rolları xalq artistləri Rasim Balayev, Fuad Poladov, Arif Quliyev, Məbud Məhərrəmov, əməkdar artistlər Mehriban Xanlarova, Nahidə Orucova, aktyorlar Ülvi Həsənli, Qorqud Cəfərli, Xumar Səlimova oynayır.
Filmin baş prodüseri Murad Məhərrəmli ekran əsərində Fəxrəddin Manafovun da oynamasını istəyib, amma rejissor razılaşmayıb.
“Filmdə kimlərin oynaması ilə bağlı oturub məsləhətləşdik. Prodüserimiz Murad Məhərrəmli Rasim Balayevlə, Fəxrəddin Manafovun filmdə çəkilməyini istəyirdi. Mən düşündüm və qərar verdim ki, filmdə Rasim Balayevlə Fuad Poladov çəkiləcək”.
“Niyə Fəxrəddin Manafovun çəkilməsini istəmədiniz”, - sualımıza rejissor: “Biz danışmırıq”, – deyə cavab verib.
“Rasim Balayevlə işləmək çox çətindir. Bəlkə də bu, yaşla əlaqədardır. Amma Fuad Poladovla işləmək çox rahat idi. Çünki ikimiz də əkizlər bürcündənik”.
“Nazlı”nın quruluşçu operatoru Əli Sultanov, geyim üzrə rəssamı Mehriban Əfəndidir.
Nərmin
Foto: Nurlan Gülməmmədov