Azərbaycanın əməkdar artisti vəfat edib.
Teleqraf.com xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov ötən gecə 60 yaşında vəfat edib.
Mərhum bu gün doğulduğu Lənkəran şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, Adil Ağakərim oğlu Zeynalov 1960-cı ildə fevralın 20-də Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub, 1983-cü ildə oranı bitirib. İnstitutu bitirdikdən sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyorluq fəaliyyətinə başlayıb. Bir sıra yadda qalan obrazlar yaradıb. Eyni zamanda özü də bir neçə əsərin səhnə quruluşunu verib, rejissor kimi çalışıb.
Lənkəranın mədəni-ictimai həyatında fəal iştirak edən A.Zeynalov mədəniyyətimiz inkişafında göstərdiyi xidmətlərinə görə 2012-ci ildə əməkdar artisti adına layiq görülüb. 20-yaxın yaddaqalan səhnə obrazlarını canlandırıb, 15-dək tamaşanın rejissoru olub, bir teleserial və 4 tammetrajlı filmdə çəkilib.
A.Zeynalovun 60 yaşı bu yaxınlarda tamam olsa da, xəstəliyi səbəbindən qeyd etmək mümkün olmayıb.//Report.az