17 Oktyabr 00:40
1 515

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, tamaşa Xalq artisti Nurəddin Mehdixanlın 65 illiyinə həsr edilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Xalq artistinə ünvanladığı təbrik məktubu oxunub.

Qeyd olunub ki, Nurəddin Mehdixanlı yaratdığı obrazlarla tamaşaçı qəlbini fəth edib. O, Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Bildirilib ki, Nurəddin Mehdixanlının sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sira mükafatlarla təltif edilib.

Sonra tamaşa nümayiş edilib.

Tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olub. Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev və başqaları canlandırıb.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Xalq artisti Azər Paşa Nemətova məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə biliblər.


Müəllif: Teleqraf.com