Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.
O qeyd edib ki, Azərbaycan İslam dünyasının seçilmiş ölkələrindən biridir: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmək üçün təbii ki, bütün imkanlarından istifadə etdi. Bu hal Azərbaycanı sevindirməyə bilməz. Azərbaycan inkişaf edən ölkədir. Bu inkişafa bir gün ərzində nail olunmayıb. Buna Azərbaycanın siyasəti, möhtərəm cənab Prezidentin gərgin fəaliyyəti və yorulmaz səyləri nəticəsində nail olunub. Məhz bunun sayəsində Azərbaycan bu gün İslam dünyasında ən sayılıb-seçilən və böyük uğurlar qazanan ölkələrdən biridir. Bu baxımdan cənab Prezidentin çıxışı təbii ki, tam ədalətə söykənən və düzgün ifadə olunmuş fikirlərdir. Azərbaycan artıq İslam dünyasında öz sözünü demiş bir ölkədir. Azərbaycanın belə nailiyyətlər qazanması bizim hər birimizi sevindirir. Düşünürəm ki, Azərbaycan inkişaf yolu ilə bundan sonra daha əzmlə addımlayacaq. Mənə elə gəlir ki, bundan sonra saysız-hesabsız uğurlarımız olacaq”.
R.Rzayev qeyd edib ki, Azərbaycan hələ 2016-cı ildə keçirilən olimpiya oyunlarının nəticələrinə görə müsəlman ölkələri arasında birinci yerə çıxmağı bacarıb: “Bu baxımdan bizim IV İslam Həmrəyliyi Oyunlarında medalların sayına görə birinci yerə çıxmağımız təsadüfi deyil. Zənnimcə, hər bir Azərbaycan vətəndaşı bu uğurlara baxıb sevinir və bu da bizim həmrəyliyimizi göstərən mühüm amildir”.
Komitə sədrinin müavini Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını təşkil etməklə daim yürütdüyü multikulturalizm və İslam həmrəyliyi siyasətinə daha bir töhfə verdiyini vurğulayıb: “Azərbaycan bu siyasətə hər zaman öz töhfəsini verib. Azərbaycan özünü dünyaya bu yükü daşımağa qadir dövlət kimi sübut edə bilib. İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi bunun daha bir sübutudur. Bu, bizim üçün qürurverici haldır. Hər birimiz fəxr edirik ki, Azərbaycan belə bir imkana sahibidir. Mənə elə gəlir ki, Azərbaycanın uğurları bundan sonra da təkcə idman sahəsində deyil, digər sahələrdə də davam edəcək”.
Müsahibimiz İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin ölkəyə iqtisadi fayda da verəcəyini, turist axınının artmasına gətirib çıxaracağını vurğulayıb: “Azərbaycan son dövrlərdə turizm imkanlarını genişləndirib, turizmdən əldə etdiyi gəlirləri artırıb. Eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün zəruri olan bütün addımlar atılıb. Düşünürəm ki, bundan sonra Azərbaycana gələn turistlərin sayı daha da artacaq. Bu da bizə yeni iqtisadi dividendlər qazandıracaq”.
R.Rzayev qeyd edib ki, idman yarışları zamanı ölkə əhalisinin idmançılara göstərdiyi dəstəyi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi: “Bu, bizim birliyimiz, artan gücümüzdür. Bunların hamısının nəticəsi kimi inşallah, Azərbaycanın ərazi bütövlüyünü də təmin edəcəyik.
Qeyd edək ki, mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Prezident İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər. Dövlət başçısı görüşdə geniş və məzmunlu nitq söyləyib. Prezident öz nitqində bir sıra digər məsələlərə də toxunub.