12 İyun 2017 16:53
2 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələlik Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yenilik müşahidə etmirəm. Ümidverici bir proses yoxdur. Hesab edirəm ki, həmsədrlərin ənənəvi olaraq regiona səfəri vasitəçilik fəaliyyətinin növbəti imitasiyasıdır.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərini qiymətləndirərkən deyib.

Sabiq nazir bildirib ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da münaqişə barədə danışıb:

“Mən bunu da imitasiya xarakterli hesab edirəm. Düşünürəm ki, Ermənistan tərəfi mövqeyini sərtləşdirib. Bu proses ötən ilin payızından başlayıb. Bu mənada indi yenilik gözləmək doğru olmazdı”.

Tofiq Zülfüqarov qeyd edib ki, belə bir vəziyyətdə Bakı müəyyən addımlar ata bilər:

“İlk növbədə kəskin mövqe ifadə edilə bilər. Həmsədrlər və onların imitasiyalı fəaliyyətinə dair də mövqe açıqlana bilər. Yəni sülh prosesinin imitasiyası Azərbaycanı qane etmir”.

Diplomat qeyd edib ki, həmsədrlərin regiona səfəri, keçirdiyi görüşlərdən sonra danışıqlar prosesinin aktivləşəcəyini gözləmir:

“Mən gözləmirəm ki, bu səfərdən sonra prezidentlər və ya xarici işlər nazirləri səviyyəsində təmaslara start verilsin. Nəzərə alın ki, həmsədrlədən başqa, digər məsələlər də sülh prosesində xüsusi əhəmiyyətlidir. Söhbət tərəflərin bəyanatlarından, vasitəçi dövlətlərin təzyiqlərindən gedir. Əgər bu vasitələr işlək deyilsə, xüsusi bir hal baş verməyəcək. Təkcə həmsədrlərin fəaliyyətindən və aktivləşməsindən hər şey gözləmək doğru deyil. Həmsədrlər əsasən, köhnə təkliflərlə gəlir. Bu təkliflərdə söhbət Dağlıq Qarabağ ətrafı ərazilərdən gedir. Erməni tərəfi ənənəvi mövqeyindən çəkilmir. İrəvan istəyir ki, Dağlıq Qarabağ ətrafında işğal edilən torpaqların bir hissəsini Dağlıq Qarabağın müstəqilliyinə dəyişsin. Erməni tərəfinin əsas taktika və strategiyası bundan ibarətdir. Mən də bu müddətdə həmsədrlərdən və onları təmsil edən dövlətlərdən erməni tərəfinin bu mövqeyinə qarşı xüsusi bəyanat və təzyiqlər görmürəm. Yəni heç bir şey baş vermir. Bu mənada həmsədrlərin regiona səfəri ümumi mənzərənin bir elementidir. Əgər digər elementlərin bu elementə bağlılığı yoxdursa, xüsusi bir proses getməyəcək”.

Diplomat hesab edir ki, əgər sülh danışıqları üçün münbit şərait olmursa, bu zaman ortaya müharibə ehtimalı çıxır: “Azərbaycan ictimaiyyətində sülh prosesindən narazılıq mövcuddur. Əslində, münaqişənin həlli üçün iki imkan var. Ya sülh yolu, ya da hərb. Sülh yoluna ümidlər qalmayanda müharibə ehtimalı yüksəlir. Bu mənada yarım ildən çoxdur ki, müharibə ehtimalı yüksəlir. Çünki sülh yolu ilə münaqişənin həllinin nəticələri yoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər