ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarı verib. Pentaqon ilk olaraq Yaponiya sahillərinə yaxın Marian adalarından başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, bazanın genişləndirilməsinə 800 milyon dollar xərclənəcək:
“Üç mindən bir qədər çox əhalisi olan bu adalar onunla məşhurdur ki, ABŞ İkinci Dünya Müharibəsi zamanı, 1944-cü ildə adanı yaponlardan təmizlədikdən bir il sonra məhz buradan havaya qalxan təyyarə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə ilk dəfə atom bombası atıb. Hərbi bazanın bu dəfəki hədəfi ABŞ-ın strateji müttəfiqi Yaponiya yox, strateji rəqib Çindir.
Marian adaları ABŞ-ın Sakit okeanda üçüncü ən böyük hərbi bazasıdır. Digər ikisi Okinava və Quam adalarında yerləşir. ABŞ-ın bölgədə Cənubi Koreya və Sinqapurda da hərbi bazaları var. Bölgə ölkələrindən Filippin də ABŞ-la hərbi müttəfiqliyi gücləndirib. Bu, Filippinin Çinlə münasibətlərində gərginlik yaşamasıyla əlaqəlidir. Buna qarşı Çin də hərbi fəallığını artırıb. Çin Kambocada hərbi-dəniz bazasının tikintisini sürətləndirib.
Çinin Marian adalarına iddiası yoxdur. Buna baxmayaraq, ABŞ adaların imkanlarından istifadə edərək Çinin bölgədəki hərbi gücünü neytrallaşdırmağa çalışır. Vaşinqton hesab edir ki, Çin Tayvanı güc yoluyla ələ keçirmək istəsə, qarşıdurma ətraf adaları da əhatə edəcək. ABŞ-ın yeni Prezidenti Donald Trampın Yaponiya sahillərinə yaxın adalarda hərbi bazaların genişləndirilməsinə münasibəti hələ bəlli deyil. Tramp Amerika xaricində pul xərcləməyin əleyhinədir. Ancaq Tramp və komandası Pentaqonun planlarını əngəlləməklə Ağ Evlə Müdafiə Nazirliyi arasında gərginliyin yaranmasını da istəmir”.
Təhlildə bildirilir ki, Yaponiya və Tayvan ABŞ-ın strateji müttəfiqləridir:
“Vaşinqton həm Yaponiya, həm də Tayvanı qorumaq məcburiyyətindədir. Tramp bu siyasətdən imtina etməsə də, Yaponiya və Tayvandan müdafiə xərclərini artırmaq tələb olunacaq. Əsas məqsəd ABŞ-ın xarici ölkələrdə müdafiə xərcləri yükünü azaltmaqdır.
Bu arada, ABŞ, Avstraliya və Yaponiya müdafiə nazirlərinin birgə bəyanatında Tayvan boğazı ətrafında sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb. Tayvan ətrafında artan gərginlik fonunda bu bəyanat Pekinə xəbərdarlıq kimi qiymətləndirilir”.