"COP29 xüsusilə şəffaflıq baxımından çox önəmli bir konfransdır. COP29-un əsas hədəfi maliyyədir".
Bunu Teleqraf.com-a açıqlamasında Türkiyənin Ətraf-mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin iqlim dəyişiklikləri üzrə vitse-prezidenti Orxan Solak deyib:
"Məlumdur ki, hər il COP konfransları keçirilir. Bu il Azərbaycanda 29-cu konfrans baş tutdu. Mən ilk növbədə Azərbaycanı uğurlu ev sahibliyinə görə təbrik edir və ona təşəkkür edirəm. COP29-un xüsusilə maliyyə hədəfi vacibdir. Ölkələr bununla bağlı müzakirələrə davam edirlər. Müzakirələrin strukturunda konsensus var. Buna görə də bütün tərəflərin razılaşdığı ümumi qərar və mətn yaradılmalıdır.
COP29-la bağlı son günə qədər müzakirələr davam edəcək. Düşünürəm ki, buradan faydalı nəticələr əldə edəcəyik".
Orxan Solak Türkiyədə iqlim dəyişikliyi ilə bağlı yaranan problemlərdən də danışıb: "Türkiyə iqlim dəyişikliyinin təsirlərinin ən çox hiss olunduğu bölgələrdən biridir. Ölkəmiz Aralıq dənizi masson iqlim qurşağında yerləşir. Buna görə də biz iqlim dəyişikliyi ilə bağlı dünyanın orta səviyyəsindən yüksək risklərlə üzləşirik. Bu nöqtədə Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə həm istixana qazları azaltmaq, həm də iqlim dəyişikliyinin təsirlərinə uyğun işlər aparır. Bunlardan ən önəmlisi iqlim dəyişikliyinin təsirinin azaldılması üzrə fəaliyyət planı və "İqlim dəyişikliyinə uyğunlaşma strategiyası və fəaliyyət" planıdır.
Bununla əlaqədər keçən həftə Bakıda Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum uzunmüddətli iqlim strategiyasını açıqladı. Bu, Türkiyənin 2053-cü ilə qədər bütün sektorlardakı strategiyasını və addımlarını müəyyən edir".