Bu gün Soçidə Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü keçiriləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı Suriyada müharibəni başa çatdırmaq, ölkəni terrorçulardan təmizləmək, eləcə də münaqişə tərəfləri arasında siyasi həll prosesini gücləndirmək məsələləri müzakirə ediləcək.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə 3 vacib məsələ ilə gəlir. Birincisi, terror təşkilatlarının Suriyanın ərazi bütövlüyünə təhdid olduğu və münaqişə tərəfi olaraq qəbul edilməməsidir. İkincisi, Türkiyənin təhlükəsizliyi üçün Suriyanın şimalı terrorçulardan təmizlənməlidir. Üçüncüsü isə müxaliflərin fikirləri nəzərə alınmalıdır.
Bundan başqa, Ərdoğan Putinlə təkbətək görüşündə dekabrda Soçidə keçirilməsi planlaşdırılan Suriyada münaqişə tərəfləri arasındakı dialoqda PYD/YPG nümayəndələrinin iştirakını əngəlləməyi müzakirə edəcəyi bildirilib.