Martın 18-də Rusiya Federasiyasında prezident seçkiləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, seçkilərin gedişini izləmək üçün Milli Məclisin bir qrup deputatı bu gün Rusiyanın müxtəlif şəhərlərinə səfərə yola düşəcək.
Milli Məclis sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafət Əsgərov və deputat Rauf Əliyev paytaxt Moskvada, deputat Elmira Axundova isə Sankt-Peterburqda MDB PA-nın xətti ilə seçki prosesini izləyəcək.
Milli Məclisin komitə sədri Əli Hüseynli MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, deputat Sabir Hacıyev isə Milli Məclisin xətti ilə Rusiya paytaxtında prezident seçkilərinin gedişini müşahidə edəcək.
Deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, şəffaflığa və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.