18 May 2018 09:13
2 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru, analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir:

- Elçin bəy, Nikol Paşinyan başlatdığı etiraz aksiyalarının nəticəsi olaraq baş nazir postunu əldə etdi. Onun baş nazir kimi addımlarını necə qiymətləndirirsiniz?
- Əvvəla, Ermənistan nə edibsə, özü üçün edib. Prosesin bitib-bitmədiyi haqda danışmaq hələ tez olsa da, ümumən bitmiş kimi görünür. Bundan sonra yeni hökumətin hansı addım atacağından çox şey asılıdır. Ermənistanda iqtisadi vəziyyət pisdir. Üstəlik ölkə iqtisadi, siyasi, sosial, hərbi baxımdan Rusiyadan asılıdır. Bu baxımdan hələlik heç nə dəyişməyib. Öncədən Nikol Paşinyanın Qərb istiqamətli siyasətçi olduğu deyilirdi. Ancaq mən deyərdim ki, indi o, praqmatik xətt tutub, Rusiyanı inandırdı ki, Ermənistanda Moskvaya münasibətdə heç bir dəyişiklik olmayacaq. Amma məncə, Paşinyan Ermənistanı tədricən Rusiyanın altından çəkməyə çalışacaq. Bu proses qəfil deyil, tədricən aparılacaq.

- Yeni erməni hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyini necə şərh etmək olar?
- Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Qarabağ münaqişəsi məsələsində dəyişiklik olmayacaq. Onlar deyirlər ki, “Qarabağ bizimdir və bu məsələ müzakirə edilə bilməz”. Bu mənada yeni erməni hakimiyyətindən Qarabağ məsələsində nəsə gözləməməliyik. Mümkündür ki, yalnız taktiki baxımdan müəyyən dəyişiklik həyata keçirilsin. Strateji baxımdan məqsəd isə eynidir. Əslində ümumerməni məqsədi dəyişmir. Nəzərə alın ki, Qarabağın balaca hissəsini bizə vermək istəyən hökuməti ermənilərin özü aşırar. Başqa cür mümkün deyil və Petrosyan nümunəsi gözümüzün önündədir.

- Rusiyanın Ermənistandan imtina etməsi mümkündürmü?
- Söhbət ondan gedir ki, ruslar özlərini müdafiə etməyə çalışır, Rusiyada vəziyyət yaxşı deyil. Onlar elə dərəcəyə gəlib çatıb ki, “biz ruslar yaxşı adamlarıq” kimi fikirlər işlədilir. Görün, məsələ nə yerə çatıb.
İkincisi, ABŞ və Avropanın sanksiyaları Rusiyanı iqtisadi cəhətdən xeyli sarsıdacaq. Düzdür, indi real nəticə yoxdur, ancaq sanksiyaların təsiri 6 aydan sonra bilinəcək. Ermənistan da başa düşür ki, Rusiya Krımı ilhaq etdi, ora pul xərcləməlidir. Eləcə də Osetiya və Abxaziyaya maliyyə ayırmalıdır. Ermənistanın özünə Rusiya pul xərcləyir. Bu pulların qarşısını sanksiyalarla almaq mümkün olsa, bu zaman ruslar Ermənistana pul xərcləyə bilməyəcək. Ermənistan başa düşür ki, ruslar pul xərcləmirsə, ermənilərin qarşı tərəfdən bir şey almadan boş-boş yaşamasının mənası yoxdur. Ermənilər öncə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsinə baxacaq. Əgər, Qərb dünyası sona qədər sanksiya məsələsində israra edərək Rusiya iqtisadiyyatını çökdürəcəksə, bu zaman ermənilər batan gəmidən qaçacaq. Onlar indi bu məqsədlə özləri üçün zəmin yaradırlar. Yox, əgər gəmi batmayacaqsa, o zaman ermənilər indiki kimi gəmidə qalmaqda davam edəcəklər. Amma onların fikrincə, oturduqları gəmi bu gün olmasa da, sabah hökmən batacaq.

- Yeni erməni hökuməti açıq şəkildə Rusiyaya qarşı çıxsa, bu zaman nə baş verəcək?
- Rusiya ayı kimi nəhəngdir, qapazı vurub atacaq bayıra. Ona görə yeni erməni iqtidarı Soçiyə gedib dedi ki, Rusiyadan yoxdur. Əslinə qalsa, Rusiya Ermənistana hərbi müdaxilə etsə, Qərb gəlib ermənilərin arxasında durası deyil. Qərbin öz məqsədləri var və bu məqsədləri əlini bulamadan həyata keçirəcək. İqtisadi baxımdan SSRİ necə çökdürüldüsə, Rusiyaya qarşı da bu silahdan istifadə olunacaq.

- Bizimlə Ermənistan arasında vəziyyət bəllidir. Türkiyə ilə düşmən olan Ermənistan Rusiyadan ayrılsa belə, regionda necə inkişaf edə bilər?
- İnanın ki, Rusiya olmayan yerdə erməni bizimlə dost olacaq, Türkiyə ilə isə dünəndən dost olduğu ortaya çıxacaq. Aranı qatan ruslardır. Araşdırın görün, Türkiyədə nə qədər erməni yaşayır. İstanbulda 10-dan çox erməni kilsəsi var. Onlara heç kim dəyib dolaşmır. Onların hüquqşünasları, musiqiçiləri, milyonçuları, alimləri var. Türkiyədə onlara kimsə toxunmur. Erməni görsə ki, rus artıq yoxdur, başını aşağı salaraq, saxta soyqırımı məsələsini qabartmayacaq. Əlbəttə, soyqırımı məsələsi onların beyinlərinin alt qatında qalacaq, amma indiki qədər publik məna daşımayacaq. Biz də elə millətik ki, hər şeyi tez unudub öz işimizlə məşğul olacağıq.

- Amma görüntü budur ki, Rusiya ABŞ və Qərbin qarşısında dayanıb. Prezident Putinin Krımda salınan görpünün açılışını şəxsən özü etməsi bundan xəbər vermirmi?
- Bunu o cür qəbul etmək olar ki, Rusiya müqavimət göstərir, öz iradəsini qəbul etdirmək istəyir. Bu açıq mesajdır. Digər tərəfdən baxdıqda tikilən istənilən obyekt müsbət hadisədir. Sabah kim gəlsə, o, bu tikilənlərdən istifadə edəcək. Məncə, sanksiyalar Rusiyanı çökdürə bilər. Sanksiyanın təsirinə məruz qalan insanların mütləq əksəriyyətinin övladları ABŞ, Britaniya və ya Fransa vətəndaşıdır. İkincisi, bu şəxslər sərvətlərini məhz qarşı tərəfin milli valyutasında saxlayır. Üstəlik, bu şəxslərin bizneslərinin əksəriyyəti ona sanksiya tətbiq edən ölkələrin ərazilərindədir. Rusiyada pulları oğurlayırlar, amma biznesi xaricdə qururlar, müalicəyə xaricə gedirlər. Sibirdə, tayqada nə kef edəsən?


Müəllif: Cavad