İşğalçı Ermənistanın yeni hakimiyyəti Sərkisyanın vəziyyətindən dərs çıxarmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirli deyib.
Onun fikrincə, əslində Paşinyan bu absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq niyyətindədir: “Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər. Ona görə də Paşinyan vaxt udmaq istəyir. Amma başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, heç bir nəticəyə nail ola bilməyəcək”, - millət vəkili vurğulayıb.