25 Oktyabr 2018 01:20
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sofiya robotunun Azərbaycan dövlətinin nailiyyətlərini qeyd etməsini təsadüfi saymaq olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında Gündəlik Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilən məşhur Sofiya robotunun Azərbaycana gəlməsinə və burda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, ASAN Xidmət mərkəzində Prezident İlham Əliyevlə Sofiyanın dialoqu ölkəmizdə çox böyük rezonans yaradıb: “Həm sosial şəbəkələrdə, həm də mediada bu, böyük marağa səbəb oldu. Bu dialoq zamanı Sofiyanın səsləndirdiyi fikirlər onu göstərir ki, Azərbaycandakı iqtisadi proqress, elmi-texniki yeniliklərin tətbiqi, inkişafı dünyada ciddi şəkildə izlənir və qəbul edilir”.

A.Camalqızı Sofiyanın Bakıda deyil, ilk dəfə İmişlidə təqdim olunmasını da regionlara diqqətin təzahürü hesab edir:

“Sofiya robotunun Azərbaycanın bölgəsində təqdim olunmasına Prezident İlham Əliyev özü də diqqət çəkdi və bunun xüsusi məna ifadə etdiyini dolayısı ilə diqqətə çatdırdı. Çünki yenilikçi, müasir elmi-texniki prosesləri diqqətlə izləyən və tətbiq edən, Azərbaycan adına dünyada qəbul edilən brendlər yaradan Prezident İlham Əliyev regionların inkişafını xüsusi diqqətdə saxlayır və bu inkişaf təkcə iqtisadi islahatlar, quruculuq və abadlıq işləri, sosial xidmətlərin mükəmməlləşdirilməsi ilə məhdudlaşmır, daha geniş strateji planı əhatə edir”.

Neft-qaz ölkəsi olmasına rəğmən, alternativ enerji proqramının inkişaf etdirilməsi, Azərbaycanın kosmik peyki olan ölkəyə çevrilməsi, dünyaya ASAN, DOST və s. kimi milli brendlərin təklifinin məhz İlham Əliyevin yüksək intellekt və modern dünyagörüşünün nəticəsi olduğunu bildirən politoloqun sözlərinə görə, bunun nəticəsi Sofiyanın “ölkənizin gənc olmasına baxmayaraq, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir” fikrinin ifadəsinə gətirib çıxardı.

“Azərbaycan gənc dövlət olmasına baxmayaraq, sürətlə inkişaf edir, Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə bütün sahələrdə çox böyük fərq olduğu aydın olur. Bu fərq ölkəmizi gözəlləşdirən, inkişafa aparan fərqdir. Azərbaycanda baş verən müsbət yeniliklər, ölkəmizin bir sıra istiqamətlərdə, o cümlədən də yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlar intellektual robotun da nəzərindən qaça bilməzdi.

Düşünürəm ki, Azərbaycan dövləti Qafqaz bölgəsində artıq öz sözünü demiş bir dövlətdir. Torpaqlarımızı işğal altında saxlayan Ermənistanla müqayisəedilməz bir səviyyəyə qalxan Azərbaycanın qısa müddət ərzində necə böyük inkişaf yolu keçdiyi göz önündədir”, - A.Camalqızı deyib.

Politoloq hesab edir ki, ölkəmizin iştirakı ilə həyata keçirilən bir sıra neft-qaz, infrastruktur, iqtisadi, mədəni layihələr, eləcə də ölkəmizin yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlar beynəlxalq aləmdə də əks-səda yaratdığından, bu, Sofiya robotunun da diqqətindən yayınmayıb.

Qeyd edək ki, Sofiya robotu 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. Sofiya robotu bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər