23 Mart 2019 23:43
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Trampın Suriya və İsrail arasında münaqişəyə səbəb olan Qolan təpələrini İsrailin ərazisi kimi tanıya biləcəkləri kimi bəyanatı beynəlxalq hüquq sistemini çökdürə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, bu kimi açıqlamalar dövlətlərin ərazi bütövlüyünə qarşı qəsddir:

“Soyuq müharibədən sonra ilk dəfə Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının “müstəqilliyini” tanıdı, həmçinin Ukraynanın Krım regionunu ilhaq etməklə beynəlxalq nizamı pozdu. Trampın Qüds qərarı və Qolan təpələri ilə bağlı bəyanatından aydın olur ki, ABŞ və Rusiya yeni sərhədlərin formalaşması istiqamətində hərəkətə keçiblər.

Bu kimi qanunsuz birləşdirmələr Azərbaycan, yaxud işğal altındakı Qarabağ üçün də mənfi tendensiyanın yaranmasına səbəb ola bilər. Məlumdur ki, bu günədək Qarabağ münaqişəsi məhz Rusiyanın birbaşa təsiri ilə həll edilməmiş qalır. Digər tərəfdən, Moskva Trampın bu kimi bəyanatlarına nəzəri etirazlarında səmimi deyil. Pərdəarxasında Amerika prezidentinin bu kimi addımlarından razıdır. Çünki Rusiya da öz imperialist siyasətini tətbiq edir. Buna görə də
Rusiyadan Qarabağla bağlı müsbət addımlar gözləməyə dəyməz. Çünki Rusiya çalışacaq ki, regionumuza təzyiqini artırsın. Bu məqsədlə də “Qarabağ kartı”ndan istifadə edib təxribatlara əl atılması da mümkündür”.

Məhəmməd Əsədullazadə hesab edir ki, qlobal siyasət arenasında çox təhlükəli oyunlar gedir: “Beynəlxalq qanunlar deyil, güc tətbiqi aktual məsələyə çevrilib. Buna görə də Azərbaycan Türkiyə və Pakistanla hərbi müttəfiq müqavilələri bağlamalı, ordunu Qarabağda döyüşə hazır vəziyyətdə saxlamalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər